Yaponiyada yaşı 100 və daha çox olan insanların sayı ilk dəfə 100 min nəfəri ötüb. “Yomiuri” qəzetinin məlumatına görə, ölkədə yüzyaşlıların sayı yeni rekord həddə çatıb.
Yaponiya Səhiyyə Nazirliyinin sentyabrın 1-nə olan məlumatına əsasən, ölkədə 107 677 nəfər yüz yaş və ya daha yuxarı yaşdadır. Bu, ötən illə müqayisədə 7 914 nəfər çoxdur.
Nazirlik bu statistikanı hər il sentyabrın 21-də qeyd olunan “Ahıllara Hörmət Günü” ərəfəsində açıqlayır. Yüzyaşlıların sayında rekord göstərici ölkədə ardıcıl olaraq 56-cı ildir yenilənir. Müqayisə üçün, statistikanın aparılmasına başlanıldığı 1963-cü ildə Yaponiyada cəmi 153 yüzyaşlı sakin qeydə alınmışdı.
Yeni məlumatlar ölkədə uzunömürlülük göstəricisinin qadınlar arasında xüsusilə yüksək olduğunu göstərir. Belə ki, yüz yaşdan yuxarı sakinlərin təxminən 90 faizini qadınlar təşkil edir. Onların sayı 94 298 nəfərdir.
Yaponiyanın ən yaşlı qadını Kiotoda yaşayan Fue Kisimotodur. Onun 114 yaşı tamam olub. Kişi yüzyaşlıların sayı isə 13 379 nəfər təşkil edir. Ölkənin ən yaşlı kişisi Kumamoto şəhərindən olan 112 yaşlı Hikaru Katodur.
MONETAR.AZ