Azərbaycanda əmək bazarında nominal göstəricilər yüksəlir. Lakin rəqəmlərin ümumi mənzərəsinə nəzər saldıqda, əmək bazarının heç də bütün iştirakçılar üçün eyni imkanları yaratmadığı görünür. Orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 % artaraq 1176,7 manata yüksəlib.
Əmək bazarında əsas yük hansı sektorların üzərindədir?
Muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfərə çatıb. Onların 944,2 min nəfəri və ya 53%-i qeyri-dövlət, 836,9 min nəfəri və ya 47%-i dövlət sektorunda çalışır. Bu nisbət özəl sektorun məşğulluqdakı rolunun əhəmiyyətli olduğunu göstərir. Lakin digər tərəfdən, hər 100 muzdlu işçidən 47-nin dövlət sektorunda çalışması dövlətin əmək bazarında hələ də böyük paya malik olduğunu göstərir.
İşçi qüvvəsinin sektorlar üzrə bölgüsü isə daha maraqlı mənzərə yaradır. Ən böyük pay ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinə düşür -18,9%. Təhsil 17,5%-lə ikinci, sənaye isə 13,9 %-lə üçüncü yerdədir. Daha sonra səhiyyə və sosial xidmətlər- 8,6%, tikin- 6,8%, dövlət idarəetməsi və müdafiə - 6,1% gəlir.
Başqa sözlə, əmək bazarının əhəmiyyətli hissəsi ticarət, təhsil, sənaye və sosial xidmətlər kimi kütləvi məşğulluq yaradan sahələrdə cəmləşib.
Çox işçi olan sahələrdə maaş niyə aşağıdır?
Məşğulluğun sektorlar üzrə bölgüsü ilə əməkhaqqı səviyyəsini müqayisə etdikdə Azərbaycan əmək bazarının əsas paradoksu ortaya çıxır. İşçi sayına görə lider olan ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda orta aylıq əməkhaqqı cəmi 763,6 manatdır. Təhsildə bu göstərici 837,8 manat, səhiyyə və sosial xidmətlərdə isə 968,3 manatdır. Kənd, meşə təsərrüfatı və balıqçılıqda orta əməkhaqqı daha da aşağı – 747,3 manat səviyyəsindədir.
Yüksək məhsuldarlıq və kapital tutumu olan sahələrdə çalışan azsaylı işçilər daha yüksək gəlir əldə edə bildiyi halda, əmək tutumlu və aşağı marjalı sahələrdə çalışan böyük işçi kütləsi daha aşağı əməkhaqqı ilə kifayətlənir.
Maaş piramidasının zirvəsində kimlərdir?
Əməkhaqqı reytinqinə baxdıqda mənzərə tamamilə dəyişir. Mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 267,6 manatdır. Bu, ölkə üzrə orta göstəricidən təxminən 3,6 dəfə çoxdur. Maliyyə və sığorta sektorunda orta əməkhaqqı 3 127,6 manat təşkil edir. İnformasiya və rabitə sahəsində bu rəqəm 2 137,1 manat, peşə, elmi və texniki fəaliyyət üzrə 1 929,1 manatdır. Dövlət idarəetməsi və müdafiədə isə orta aylıq əməkhaqqı 1 750,7 manat səviyyəsindədir.
Beləliklə, əmək bazarında yeni bir qayda daha aydın görünür: işçi sayının çoxluğu yüksək gəlir demək deyil. Əksinə, yüksək əməkhaqqı əsasən daha yüksək məhsuldarlıq, ixtisaslaşma, kapital tutumu və texnologiya tələb edən sahələrdə formalaşır.
Bundan əlavə, ölkə üzrə orta əməkhaqqı bütün işçilərin aldığı maaşı ifadə etmir. Mədənçıxarma, maliyyə və informasiya-rabitə kimi yüksək maaşlı sahələr orta göstəricini yuxarı çəkir. Əmək bazarının böyük hissəsində isə maaşlar ölkə ortalamasından xeyli aşağıdır.
Yüksək maaşlı iqtisadiyyat, yoxsa yüksək maaşlı kiçik sektorlar?
Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri yüksək maaş verən sektorların sayını artırmaqla yanaşı, kütləvi məşğulluq sahələrinin də məhsuldarlığını yüksəltməkdir. Ticarətdə çalışan yüz minlərlə insanın gəliri ilə mədənçıxarma sektorunda çalışan nisbətən daha az sayda işçinin gəliri arasında böyük fərqin olması iqtisadiyyatın struktur xüsusiyyətlərini göstərir.
Bu fərqi sadəcə maaş siyasəti ilə aradan qaldırmaq mümkün deyil. Çünki uzunmüddətli perspektivdə maaşları inzibati üsullarla deyil, məhsuldarlıq artımı ilə davamlı şəkildə yüksəltmək mümkündür.