Cənubi Koreya süni intellektin (Sİ) inkişaf tempini azaltmaq niyyətində deyil. Bunu ölkənin baş nazirinin müavini, elm və İKT naziri Pə Qyon Hun bu gün “Facebook” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib.
Nazirin sözlərinə görə, Cənubi Koreya Sİ sahəsində inkişafı ləngitmək imkanına malik deyil. O qeyd edib ki, əsas məsələ texnologiyanın inkişaf sürətini azaltmaq deyil, bu sürətin yaratdığı məsuliyyətə nəzarəti gücləndirməkdir. Pə Qyon Hun vurğulayıb ki, Sİ sahəsində lider ölkələrə çatmağa çalışan və eyni zamanda yeni bazarlar formalaşdıran dövlət artıq qabaqcıl mövqedə olan ölkələrdən tamamilə fərqli şəraitdə fəaliyyət göstərir.
“Cənubi Koreya baxımından bir məsələ aydındır: hazırda Sİ-nin inkişafını ləngitmək imkanımız yoxdur”, – deyə nazirin paylaşımının tərcüməsində bildirilir.
Pə Qyon Hun hökumətin Sİ haqqında Əsas Qanunun tətbiqini fasiləsiz davam etdirəcəyini də açıqlayıb. Onun sözlərinə görə, Cənubi Koreya həmçinin milli baza modelinin hazırlanması və “Sərhəd Sİ” (Frontier AI) təşəbbüsünün həyata keçirilməsi istiqamətində işləri davam etdirəcək.
Nazirin açıqlaması süni intellektin mümkün riskləri ilə bağlı texnologiyanın inkişaf tempinin azaldılmasına dair çağırışların artdığı bir vaxta təsadüf edib. “Anthropic” şirkətinin rəhbəri Dario Amodei, “OpenAI” CEO-su Sem Altman və “xAI” şirkətinin rəhbəri İlon Mask Sİ-nin bəşəriyyət üçün yarada biləcəyi potensial təhlükələr fonunda bu sahədə inkişafın müəyyən qədər ləngidilməsini dəstəkləyən mövqelər səsləndiriblər.
Bununla yanaşı, “Nvidia” CEO-su Yensen Huanq və “Meta” rəhbəri Mark Zukerberq bu yanaşmanı bölüşməyən texnologiya rəhbərləri arasında yer alırlar. Onlar sərhəd süni intellekt laboratoriyalarının hazırladıqları modellərin mümkün nəticələrinə görə daha böyük məsuliyyət daşımasının vacibliyini vurğulayırlar.
MONETAR.AZ