“Microsoft” sentyabr təhlükəsizlik paketinin buraxılmasından cəmi altı gün sonra Windows 11 26H1 üçün növbədənkənar KB5129194 yeniləməsini təqdim edib. Yeni paket KB5124012 quraşdırıldıqdan sonra meydana çıxan bir sıra problemləri aradan qaldırır.
Ən ciddi problemlərdən biri Remote Desktop Services (RDS) xidməti ilə bağlı olub. Bəzi sistemlərdə xidmət qeyri-sabit işləyib, RDP bağlantıları bir neçə dəqiqədən sonra kəsilib, istifadəçilərin sistemə girişində çətinlik yaranıb. Həmçinin server uzaq iş masasının konfiqurasiyası mərhələsində dona bilib. Bununla yanaşı, “Microsoft Management Console”, “RDS Licensing Diagnoser”, “Fayl Bələdçisi” (Explorer) və hətta “Windows Yeniləmə Mərkəzi” səhifəsinin də donması qeydə alınıb.
Yeniləmə idarə olunan HCS virtual Linux maşınlarından istifadə edən və Plan9 vasitəsilə “Windows” qovluqlarını ötürən tətbiqlərdə yaranmış problemi də aradan qaldırır. Bu halda qonaq sistem normal şəkildə işə düşsə də, host sistemdəki ümumi qovluqlar yoxa çıxır və ya əlçatmaz olurdu. Problemə məruz qalan ssenarilər arasında Windows Subsystem for Linux (WSL) və Claude Cowork da yer alıb. Bu məsələ xüsusilə diqqət çəkir, çünki “Microsoft” son dövrdə WSL-i “Windows” mühitində Linux konteynerləri və tərtibatçı alətləri üçün əsas platformalardan biri kimi fəal şəkildə inkişaf etdirir.
KB5129194 USB Audio Class 1.0 ilə bağlı bəzi problemləri də qismən həll edir. Sentyabr yeniləməsindən sonra müəyyən cihazlarda səkkizkanallı və məkan səsi rejimlərinin normal işləmədiyi müşahidə olunmuşdu. “Microsoft” çoxkanallı rejimi bərpa etsə də, bəzi istifadəçilər hələ də “Code 10” xətası, səsin tamamilə kəsilməsi, səs səviyyəsinə nəzarətin işləməməsi və audio parametrlərinin donması ilə qarşılaşa bilər. Bu problemlərin qalan hissəsi üçün hələlik rəsmi həll təqdim edilməyib.
Növbədənkənar paketə təhlükəsizlik düzəlişləri də daxil edilib. “Microsoft” Windows User-Mode Power Servicedəki CVE-2026-62721 və Windows Secure Kernel Modedakı CVE-2026-85921 boşluqlarına qarşı müdafiəni gücləndirib. Hər iki zəiflik imtiyazların qanunsuz artırılması riski ilə əlaqələndirilir. Bununla sentyabr ayı “Patch Tuesday” çərçivəsində bağlanan zəifliklərin sayının minə yaxınlaşdığı genişmiqyaslı yeniləmə dövrünü davam etdirir.
Yeni paket Windows 11 26H1-i 28000.2956 build versiyasına keçirir. Yeniləmə “Windows Update” və “Windows Update for Business” vasitəsilə yayımlanır, “Microsoft Update Catalog”da yerləşdirilib və WSUS ilə sinxronlaşdırılır. Əvvəlki yeniləmələri quraşdırmış istifadəçilər üçün sistem yalnız yeni komponentləri yükləyəcək.
Sentyabr paketindən sonra problemlərin üzə çıxması “Microsoft”un özü tərəfindən də təsdiqlənmişdi. Şirkət əvvəlcə WSL və RDP-də yaranan nasazlıqları qəbul etmiş, Plan9 istifadə etməyən standart Hyper-V virtual maşınlarının isə bu problemdən təsirlənmədiyini bildirmişdi. İndi isə zərər çəkmiş sistemlər üçün müvəqqəti həllər əvəzinə rəsmi düzəliş təqdim olunub.
Windows 11-də yeniləmədən sonra genişmiqyaslı problemlərin yaranması 2026-cı ildə ilk dəfə baş vermir. İyun ayında da “Microsoft” Windows 11 26H1-də “Səbət”in (Recycle Bin) qeyri-adi davranışından tutmuş “OneDrive” problemlərinə və sistemin donmasına qədər bir sıra nasazlıqları etiraf etmişdi.
Şirkət eyni zamanda korporativ kompüterlərdə bəzi düzəlişlərin sistemi yenidən başlatmadan tətbiqinə imkan verən “hot patching” texnologiyasına keçidi davam etdirir. Sentyabr hadisəsi isə daha sürətli yeniləmə mexanizmlərinin digər tərəfini də ortaya qoyur: aylıq paketlərin əhatə dairəsi genişləndikcə problemlərin daha tez aşkarlanması və kritik iş proseslərinə təsir etməzdən əvvəl ayrıca düzəlişlərin hazırlanması daha böyük əhəmiyyət daşıyır.