Çinin “UBTECH Robotics” şirkəti insanabənzər sənaye robotlarının kütləvi istehsalına hesablanmış zavodu istifadəyə verib. Şirkətin “WeChat” platformasında yaydığı məlumata görə, müəssisə ildə 10 minə qədər robot istehsal edə bilər. Bu, istehsal tempinin təxminən hər 10 dəqiqədə bir robot təşkil etməsi deməkdir.
Zavod Çinin cənubundakı Lyuçjou şəhərində yerləşir və 14 min kvadratmetr ərazini əhatə edir. Müəssisədə əsasən “Walker S” və “Cruzr” seriyasına aid intellektual humanoid robotlar istehsal olunacaq. Zavodun infrastrukturunun yaradılmasında Almaniyanın “Siemens Digital Industries Software” şirkəti də iştirak edib.
Müəssisənin əsas xüsusiyyətlərindən biri istehsal prosesində “robotlar robotları yaradır” prinsipinin tətbiqidir. İnsanabənzər robotlar yığım və logistika əməliyyatlarında, o cümlədən yüklərin daşınması, materialların bölüşdürülməsi və istehsal sahələrinə xidmət göstərilməsi işlərində istifadə olunur.
Hazır məhsul müştəriyə göndərilməzdən əvvəl çoxmərhələli sınaqdan keçirilir. Hər bir robotun test prosesi dörd saatdan çox davam edir. Bununla istehsal olunan texnikanın funksionallığı və keyfiyyət göstəricilərinin yoxlanılması nəzərdə tutulur.
Zavodda istehsal prosesinin idarə edilməsi tam rəqəmsal dövrə prinsipi əsasında qurulub. Sistem sifarişlərin planlaşdırılmasını, resursların bölüşdürülməsini, keyfiyyətə nəzarəti və logistikanı vahid platformada birləşdirir. Sürücüsüz yükləyicilər də daxil olmaqla avtomatlaşdırılmış avadanlıq ayrı-ayrı komponentlərin hazırlanmasından yekun sınaqlara və hazır robotların anbarlaşdırılmasına qədər bütün mərhələlərə nəzarət edir.
Eksperimental nümunələrdən və kiçik istehsal partiyalarından kütləvi intellektual istehsala keçid Çinin humanoid robot sənayesində yeni mərhələnin formalaşdığını göstərir.
“UBTECH Robotics” 2026-cı ilin avqustunda “Walker S” robotlarının ilk seriyasının Şanxaydakı istehsal müəssisələrinə tədarük ediləcəyini açıqlamışdı. Sentyabr ayında isə Quansi-Çjuan Muxtar Rayonunun hakimiyyət orqanları robototexnika şirkətləri üçün xüsusi iqtisadi zonanın yaradılması planlarını açıqlayıblar.
Çində humanoid robotların tətbiq dairəsi bununla da məhdudlaşmır. Ölkədə insanabənzər robotların hərbi məqsədlər üçün hazırlanması istiqamətində də işlərin aparıldığı bildirilir.