Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün növbəti imtahanı sabah sentyabrın 17-də keçirəcək. İmtahanda iştirak etmək üçün 1 516 nəfər qeydiyyatdan keçib.
İmtahan Bakı, Naxçıvan, Bərdə və Gəncədə təşkil olunacaq. Bakıda namizədlər DİM-in elektron imtahanlar korpusunda – Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında, TÜRKPA-nın yaxınlığında, Naxçıvanda 4 saylı orta məktəbdə, Bərdədə DİM-in Regional Bölməsində, Gəncədə isə Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə imtahan verəcəklər.
İmtahanın müddəti 1 saatdır. İştirakçılar imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt tamamlandıqdan dərhal sonra nəticələri ilə tanış ola biləcəklər. Nəticələr həmçinin DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in elektron xidmətləri vasitəsilə əldə edib çap edə bilərlər. İştirakçılar sənəddə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar. İmtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əsli mütləq təqdim edilməlidir. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlərdəki məlumatlar arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
İmtahan zamanı sürücülərin etik davranışı, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlarla bağlı sualları əhatə edən 20 test tapşırığı təqdim olunacaq. Tapşırıqlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlıq proqramına uyğun hazırlanıb.
Hər düzgün cavab 1 balla qiymətləndirilir və səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanda 10 və daha çox bal toplayan namizədlər uğur qazanmış hesab ediləcək və onlara 7 il müddətində qüvvədə olan şəhadətnamə təqdim olunacaq.
DİM imtahan iştirakçılarına “Yaddaş kitabçası” ilə əvvəlcədən tanış olmağı tövsiyə edir. Kitabçada imtahanla bağlı əsas qaydalar və iştirakçılar üçün zəruri məlumatlar əks olunub.