“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqrasiya edib

“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a

“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində dövlət xidmətlərinin vahid platformada təqdim olunması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə “Azərişıq” ASC-nin mobil tətbiqindəki rəqəmsal xidmətlər, məlumatlar və funksional imkanlar “mygov” platformasına tam inteqrasiya edilib.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, rəqəmsal xidmətlərin vahid platformada cəmləşdirilməsi və eyni xidmətlərin müxtəlif platformalarda təkrarlanmasının qarşısının alınması məqsədilə qurumun mobil tətbiqinin fəaliyyəti dayandırılıb.

Artıq abonentlər “Azərişıq”ın rəqəmsal xidmətlərindən həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə yararlana bilərlər. Portalda bunun üçün “Xidmətlər” bölməsindən “Qurumlar” kateqoriyasına daxil olaraq “Azərişıq” ASC-ni seçmək lazımdır. Mobil tətbiqdə isə “Xidmətlər” bölməsinin “Kommunal” kateqoriyasından “Azərişıq” seçilərək müvafiq xidmətlərə keçid etmək mümkündür.

“Azərişıq” tərəfindən daha əvvəl təqdim edilən bir sıra xidmətlər yenidən dizayn edilərək “mygov” platformasına inteqrasiya olunub. Bunlara əhali istehlakçısının adının dəyişdirilməsi, sayğacın zədələnməsinin araşdırılması ilə bağlı müraciətin göndərilməsi, abonentin geniş tarixçəsinin əldə edilməsi, smart kartın bərpası və yeni smart kartın verilməsi üçün müraciət, həmçinin borcun araşdırılması və borcun olub-olmaması barədə sənədin alınması daxildir.

Bununla yanaşı, abonent kodu əsasında abonentin oxuma, ödəniş və akt məlumatlarının da “mygov” platformasında təqdim edilməsi təmin edilib. “Azərişıq”ın mobil tətbiqində mövcud olan digər funksional imkanların da “mygov”a inteqrasiyası başa çatdırılıb.

Qeyd edək ki, “Azərişıq” ASC dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində fəaliyyətini genişləndirən qurumlardan biridir. Son illər ərzində ASC tərəfindən göstərilən xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb. Hazırda isə 4 milyona yaxın istifadəçi “mygov” xidmətlərindən yararlanır.

Abonentlər “mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilər: https://onelink.to/rryy4q