ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsini artırması ilk 12 ay ərzində S&P 500 indeksində orta hesabla 14 faizlik maksimum geriləmə ilə müşayiət olunub. Daha sürətli faiz artımı dövrlərində isə bu göstərici 16 faizə çatıb.
Monetar.az xəbər verir ki, Charles Schvabın təxminən 80 illik məlumatlar əsasında apardığı araşdırmanı təhlil edən The Motley Fool faiz artımlarının fond bazarına təsirini araşdırıb.
Araşdırmaya görə, faiz artımı dövrünün başlanmasından sonrakı ilk 6 ayda S&P 500 indeksində orta maksimum geriləmə 12 faiz təşkil edib. İlk 12 ayda isə orta geriləmə 14 faiz olub.
2022-2023-cü illərdə ABŞ-da yüksək inflyasiya ilə mübarizə çərçivəsində faiz dərəcələrinin sürətlə artırılması zamanı da fond bazarında ciddi geriləmə müşahidə olunub. Fed-in faiz dərəcəsi 2022-ci ilin yanvarında sıfıra yaxın səviyyədən 2023-cü ilin yayında 5,33 faizə yüksəlib.
Bununla yanaşı, uzunmüddətli dövrdə fond bazarında bərpa halları da müşahidə olunub. Mənbədə qeyd edilir ki, 2022-ci il yanvarın 1-də S&P 500 indeksinə investisiya edən şəxsin yatırdığı vəsait sonrakı dövrdə təxminən 61 faiz artmış olardı.
1928-ci ildən etibarən S&P 500 indeksinin orta illik gəlirliliyi isə təxminən 10 faiz olub. Bu göstərici iqtisadi böhranlar, qlobal münaqişələr və faiz dərəcələrinin kəskin artırıldığı dövrləri də əhatə edir.
Mənbə qeyd edir ki, gələcək faiz qərarlarının fond bazarına təsiri iqtisadi artım, əmək bazarı və inflyasiyanın dinamikasından asılı olacaq.