Polşa Statistika İdarəsi avqust ayı üzrə illik inflyasiya göstəricisini 3,4 faiz səviyyəsində təsdiqləyib. Eyni zamanda, qiymətlərin aylıq artımı ilə bağlı ilkin göstərici 0,4 faizdən 0,3 faizə endirilib.
Xidmət sektorunda illik inflyasiya iyul ayındakı 5,5 faizdən avqustda 5,6 faizə yüksəlib. Malların qiymət artımı isə 2 faizdən 2,5 faizə çatıb. Ərzaq, yanacaq və enerji daşıyıcılarının qiymətləri üzrə göstəricilər ilkin hesablamalarla müqayisədə dəyişməyib.
Ətraflı məlumatlar göstərir ki, inflyasiyanın gözləntilərdən yüksək olmasının əsas səbəblərindən biri artıq ikinci aydır ki, istirahət və turizm xərclərinin artmasıdır. Xüsusilə təşkil olunmuş turizm xidmətlərinin qiymətləri kəskin yüksəlib. Bu artım zlotının zəifləməsi və nəqliyyat xərclərinin bahalaşması ilə əlaqələndirilir.
Mövcud məlumatlar əsasında Polşada baza inflyasiyanın illik ifadədə 3,3 faiz olduğu qiymətləndirilir.
Bununla yanaşı, sentyabr ayında yanacağın qiymətləri artıq aylıq ifadədə təxminən 10 faiz artıb. Bu tendensiyanın davam etməsi inflyasiyanın cari ayda illik ifadədə 4 faizə yaxınlaşmasına və ya bu həddi keçməsinə səbəb ola bilər.
Enerji daşıyıcılarının son dövrdə bahalaşması isə Polşada inflyasiyanın yenidən sürətlənməsi üçün əlavə risk yaradır.
MONETAR.AZ