Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqardın yerinə göz tikənlər

Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqardın

Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqardın səlahiyyət müddəti 2027-ci ilin oktyabrında başa çatır. Bununla belə, onun vəzifəsini müddətindən əvvəl tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılıb.

“Reuters” mənbələrə istinadən bildirir ki, Laqardın mümkün xələfləri sırasında Niderland Mərkəzi Bankının keçmiş rəhbəri Klaas Knot, Beynəlxalq Hesablaşmalar Bankının (BIS) rəhbəri Pablo Ernandes de Kos, Bundesbankın prezidenti Yoaxim Nagel və Avropa İnvestisiya Bankının (AİB) prezidenti Nadya Kalvinyo yer alır.

Namizədlər arasında ən çox müzakirə olunan şəxslərdən biri Klaas Knotdur. 59 yaşlı Knot 2011-2025-ci illərdə iki müddət ərzində Niderland Mərkəzi Bankına rəhbərlik edib və ümumilikdə 14 il ərzində AMB-nin pul-kredit siyasəti ilə bağlı qərarlar qəbul edən İdarəetmə Şurasının üzvü olub. O, 2021-2025-ci illərdə isə qlobal maliyyə sistemində sabitlik risklərinə nəzarət edən Maliyyə Sabitliyi Şurasına rəhbərlik edib.

Knot daha sərt pul-kredit siyasətini dəstəkləyən “şahin” mövqeli mərkəzi bankirlərdən biri kimi tanınır. Onun AMB Şurasındakı fəaliyyəti həm Mario Dragi, həm də Kristin Laqardın rəhbərlik etdiyi dövrləri əhatə edib. Dragi dönəmində Knot Avropa iqtisadiyyatını genişmiqyaslı stimullaşdırma proqramlarına qarşı çıxıb. 2019-cu ildə isə AMB-nin inflyasiyanın 2 faizlik hədəfdən yuxarı qalxmasına səbəb ola biləcək yeni dəstək tədbirlərinə başlaması qərarını açıq şəkildə tənqid edib. Laqardın rəhbərliyi dövründə isə Knotun mövqeyi AMB ilə daha çox uzlaşıb, lakin o, inflyasiyanın sürətləndiyi dövrdə faizlərin artırılmasını dəstəkləyən şəxslər sırasında olub.

Digər mümkün namizəd 55 yaşlı Pablo Ernandes de Kosdur. O, 2025-ci ildən BIS-ə rəhbərlik edir. Bundan əvvəl, 2018-2024-cü illərdə İspaniya Bankının rəhbəri olub, 2019-2021-ci illərdə isə bank nəzarəti üzrə beynəlxalq qaydaların hazırlanmasını əlaqələndirən Bazel Komitəsinə rəhbərlik edib.

De Kosun İspaniya Mərkəzi Bankına rəhbərlik etdiyi dövr pandemiya, aşağı inflyasiya mərhələsi və daha sonra qiymət artımının qarşısını almaq məqsədilə həyata keçirilən kəskin faiz artımlarını əhatə edib. Həmkarları onu qərarlarını məlumat və iqtisadi araşdırmalara əsaslandıran, müxtəlif mövqelər arasında kompromis axtaran praqmatik iqtisadçı kimi xarakterizə edirlər. “Reuters”in məlumatına görə, de Kos ABŞ-nin keçmiş prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin sabiq rəhbəri Djerom Pauellə münaqişəsi zamanı dünya mərkəzi banklarının rəhbərlərinin Pauellə kollektiv dəstək nümayiş etdirməsi təşəbbüsünün də iştirakçılarından biri olub.

Namizədlər arasında Bundesbankın rəhbəri Yoaxim Nagelin də adı çəkilir. Nagel 2022-ci ildən Almaniya Mərkəzi Bankına rəhbərlik edir. Onun rəhbərliyi dövründə Bundesbank ilə AMB arasındakı münasibətlər əvvəlki rəhbər Yens Vaydmannın dönəmi ilə müqayisədə daha konstruktiv xarakter alıb. Vaydmann AMB-nin yumşaq pul-kredit siyasətinə, xüsusilə də Dragi dövründə həyata keçirilən tədbirlərə tez-tez etiraz edirdi.

Nagel hazırkı şəraitdə nisbətən sərt pul-kredit mövqeyini qorusa da, kompromisə açıq mərkəzi bankir kimi də xarakterizə olunur. O, bununla yanaşı, Avropa səviyyəsində vahid bank əmanətlərinin sığortalanması sisteminin yaradılmasını dəstəkləyib. Bu təşəbbüs Almaniyada uzun müddət vergiödəyicilərinin digər ölkələrin bank sektorunda yaranan riskləri bölüşməsi ilə bağlı narahatlıqlara görə mübahisəli olub.

AMB rəhbəri postu üçün adı çəkilən digər şəxs isə AİB prezidenti Nadya Kalvinyodur. O, bu vəzifəyə namizədliyini açıq şəkildə açıqlamayıb, lakin Avropa siyasi dairələrində onun adı vaxtaşırı mümkün namizəd kimi gündəmə gəlir.

Kalvinyo əvvəllər İspaniya hökumətində iqtisadiyyat naziri vəzifəsini tutub. O, güclü idarəçilik bacarıqları və ictimai çıxış təcrübəsi ilə tanınır. Digər əsas namizədlərdən fərqli olaraq, Kalvinyo pul-kredit siyasəti üzrə ixtisaslaşmış iqtisadçı və ya mərkəzi bank rəhbəri deyil. Bununla belə, hazırkı AMB rəhbəri Kristin Laqardın da peşəkar bankir olmaması belə təcrübənin bu vəzifəyə namizədlik üçün mütləq şərt olmadığını göstərir.

“Reuters” həmçinin Kalvinyonun namizədliyinin gender balansı baxımından diqqət çəkə biləcəyini qeyd edir. Hazırda AMB-nin İdarəetmə Şurasında cəmi iki qadın yer alır və onların hər ikisinin bir il ərzində şuranı tərk edəcəyi gözlənilir. Bu baxımdan Kalvinyonun mümkün təyinatı qurumun rəhbərliyində gender balansının qorunması məsələsini də gündəmə gətirə bilər.

MONETAR.AZ