Sentyabrın 5-də dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələrinin satışı üzrə hərrac keçiriləcək. Hərraca minik avtomobilləri, mikroavtobuslar, xüsusi təyinatlı nəqliyyat vasitələri və gəmi çıxarılıb.
Monetar.az xəbər verir ki, hərrac saat 10:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərraca ümumilikdə 34 sıra üzrə nəqliyyat vasitələri təqdim olunub. Siyahıda müxtəlif dövlət qurumlarının balansında olan avtomobillərlə yanaşı, bir gəmi də yer alıb.
Ən yüksək start qiyməti 1969-cu il istehsalı olan “Point Brower D” markalı gəmi üçün müəyyən edilib. Dövlət Sərhəd Xidmətinin balansında olan gəminin ilkin satış qiyməti 115 min manatdır. İştirak üçün 11 500 manat beh tələb olunur.
Avtomobillər arasında ən yüksək start qiyməti isə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının balansındakı 2014-cü il istehsalı “Hyundai Equus” üçün müəyyən edilib. Avtomobil 18 min manata hərraca çıxarılıb.
Bundan başqa, Prezidentinin İşlər İdarəsinin balansındakı 1998-ci il istehsalı “Mercedes Benz S320” 12 600 manat, Baş Prokurorluğun balansındakı “Toyota Camry” 8 100 manat, “Volkswagen Passat CC” 6 750 manat və “Volkswagen Passat” isə 6 300 manat start qiyməti ilə satışa təqdim olunub.
Siyahıda daha aşağı qiymətlərlə satışa çıxarılan avtomobillər də var. Belə ki, 1986-cı il istehsalı “VAZ-21013” 600 manat, 1992-ci il istehsalı “QAZ 2410” 750 manat, 1990-cı il istehsalı “VAZ 21061” 750 manat və 2000-ci il istehsalı “VAZ-21074” 825 manat start qiymətinə təklif edilir.
Bəzi nəqliyyat vasitləri artıq beşinci dəfə hərraca çıxarılacaq.