SOCAR və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıq çərçivəsində neft-qazçıxarma müəssisələrinin texniki imkanlarının gücləndirilməsi istiqamətində yeni addım atılıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, müasir tələblərə cavab verən 4 yeni yanğınsöndürən avtomobil “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinə təhvil verilib.
Yeni xüsusi texnikanın istifadəyə verilməsi istehsalat obyektlərində yanğın təhlükəsizliyinin daha da gücləndirilməsinə və mümkün fövqəladə hallara daha çevik və effektiv müdaxilə imkanlarının artırılmasına şərait yaradacaq. Avtomobillərin istismara verilməsi eyni zamanda müəssisələrdə çalışan insanların həyat və sağlamlığının, eləcə də istehsalat obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
SOCAR və FHN arasında həyata keçirilən əməkdaşlıq tədbirlərinin bundan sonra da davam etdirilməsi, neft-qaz sektorunda yanğın təhlükəsizliyinin yüksək səviyyədə saxlanılması, texniki imkanların genişləndirilməsi və maddi-texniki bazanın gücləndirilməsi nəzərdə tutulur.