Xırdalan–Bakı qatarlarının hərəkət vaxtı 10 dəqiqə azalacaq

Xırdalan–Bakı qatarlarının hərəkət vaxtı

Sentyabrın 15-dən Xırdalan–Bakı marşrutu üzrə hərəkət edən qatarların yolda olma müddəti 10 dəqiqə azaldılaraq 45 dəqiqədən 35 dəqiqəyə endiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmir yolu körpüsündə aparılan təmir işləri səbəbindən Xırdalan–Bakı istiqamətində qatarların hərəkət müddəti 45 dəqiqə təşkil edir. Sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi ilə bu müddət 35 dəqiqəyə düşəcək.

Dəmir yolu körpüsünün bərpası tam başa çatdıqdan sonra həmin ərazidə tətbiq olunan sürət məhdudiyyəti də aradan qaldırılaraq hərəkət sürəti artırılacaq. Nəticədə Bakı–Xırdalan istiqamətində qatarların yolda olma müddətinin yenidən 26 dəqiqəyə endirilməsi planlaşdırılır. Bununla yanaşı, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşınmasının da bərpa olunması nəzərdə tutulur.

Yeni cədvələ əsasən, Bakı–Xırdalan–Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 26-dan 32-yə çatdırılacaq. Sərnişin axınının daha çox olduğu səhər saatlarında Xırdalan istiqamətində iki əlavə reys təşkil ediləcək. Bakı istiqamətində isə saat 20:30-a yeni reys əlavə olunacaq. Bununla şəhərətrafı qatarların ümumi gündəlik reys sayı 90-dan 96-ya yüksələcək.

Sentyabrın 15-dən Bakı dəmir yolu vağzalında sərnişinlərin keçidinin sürətləndirilməsi məqsədilə yeni turniket zalı da istifadəyə veriləcək. Hazırda 35 turniketin fəaliyyət göstərdiyi vağzalda daha 11 turniket quraşdırılıb. Beləliklə, ümumi turniket sayı 46-ya çatdırılıb ki, bu da əvvəlki göstəricidən 32 faiz çoxdur.

ADY şəhərətrafı dəmir yolu xətlərində nağdsız ödəniş imkanlarını da genişləndirib. Artıq “Visa” kartları ilə yanaşı, NFC texnologiyası vasitəsilə “Mastercard” kartlarından istifadə etməklə də gediş haqqını ödəmək mümkündür. Bank kartı ilə həyata keçirilən ödənişlər gedişin baş verdiyi gün hesabdan silinəcək.

Bakı və Sabunçu vağzallarında, həmçinin Pirşağı, Xırdalan, “Koroğlu”, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarında bank kartları ilə keçidi təmin etmək üçün əlavə 58 validator quraşdırılıb.

Növbəti mərhələdə isə “SİMA Pay” vasitəsilə üz tanıma texnologiyasından istifadə etməklə ödəniş imkanı yaradan terminalların sayının artırılması planlaşdırılır.