Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb

 Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində

Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanla müxtəlif ölkə və şirkətlər arasında investisiya, enerji, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və digər sahələri əhatə edən 11 sənəd imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədlər forumun “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiyası çərçivəsində imzalanıb.

Tikinti və inkişaf sahəsində əməkdaşlığa dair sənədi iqtisadiyyat nazirinin müavini Anar Axundov və “ROX Group” Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun müavini Ta Ngoc Da imzalayıblar.

Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlığa dair sənəd iqtisadiyyat nazirinin müavini Azər Bayramov və “Microsoft Romania, Moldova & CIS” şirkətinin baş meneceri Qabriela Popesku tərəfindən imzalanıb.

Günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədinə energetika nazirinin müavini Elnur Soltanov və “Energy Companies – ROX Group” İcraiyyə Şurasının sədri Pham Minh Tuan imza atıblar.

Yeni texnologiyalar əsasında silisium karbid, silisium oksid və silisium istehsalını nəzərdə tutan sənəd Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və “Inoyest AFEZCO”nun təsisçisi Vitali Yevdokimenko tərəfindən imzalanıb.

“ABAK-WASSERSTEIN” İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələrinə dair sənədi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və İsveçrənin “iCsquared GmbH” şirkətinin nümayəndəsi Zoltan Peter Ştuxlik imzalayıblar.

Ağdam quşçuluq layihəsi üzrə sənədə Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, “AgroDairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov və “AGROFERT, a.s.”ın İdarə Heyətinin sədr müavini Petr Çinqr imza atıblar.

Baytarlıq peyvəndlərinin istehsalı layihəsi üzrə sənədi Ülvi Mansurov və “VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş.” şirkətinin direktoru Abdullah Tutak imzalayıblar.

Əczaçılıq istehsalı müəssisəsinin yaradılmasına dair sənəd isə Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və “Saneca Pharmaceuticals, a.s.” şirkətinin baş maliyyə direktoru Ondrej Draqun tərəfindən imzalanıb.

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən “Azər-Türk Bank” ASC-də nəzarət etməyən payın əldə edilməsinə dair sənədi Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru vəzifəsini icra edən Dəyanət Sədullayev və Oman İnvestisiya Qurumunun “G2G Funds” üzrə böyük meneceri Saif Almahrouqi imzalayıblar.

“Esyasoft”, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və SOCAR arasında əməkdaşlığa dair sənədə SOCAR prezidenti Rövşən Nəcəf, “Esyasoft”un nümayəndəsi Bibin Çandra və ADSEA sədri Zaur Mikayılov imza atıblar.

İnvestisiyaların təşviqi sahəsində Azərbaycan və Ukrayna arasında əməkdaşlığa dair sənəd isə AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev və “UkraineInvest”in icraçı direktoru Maryna Xlistun tərəfindən imzalanıb.

İmzalanan sənədlər Azərbaycanın müxtəlif sahələrdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsini və yeni investisiya layihələrinin reallaşdırılmasını nəzərdə tutur.