Milan hava limanına Silvio Berluskoni adı verilib

Milan hava limanına Silvio Berluskoni

İtaliyanın ən işlək hava limanlarından biri olan Milan Malpensa hava limanına keçmiş baş nazir və “Mediaset”in təsisçisi Silvio Berluskoninin adı verilib. Sentyabrın 25-də hava limanında bununla bağlı rəsmi mərasim keçirilib.

ANSA-nın məlumatına görə, mərasimdə İtaliyanın Senat sədri İqnasio La Russa, Baş nazirin müavini və nəqliyyat naziri Matteo Salvini, Lombardiya regionunun rəhbəri Attilio Fontana və Berluskoninin ailə üzvləri iştirak ediblər. Mərasim Milan Malpensa hava limanının Silvio Berluskoninin adını daşıması ilə bağlı 2024-cü ildə qəbul edilmiş qərarın rəsmi təqdimatı çərçivəsində baş tutub.

Hava limanının “Milano Malpensa – Silvio Berlusconi” adlandırılması barədə qərar 2024-cü ilin iyulunda İtaliyanın Mülki Aviasiya üzrə Milli İdarəsi (ENAC) tərəfindən qəbul edilib və həmin vaxtdan qüvvəyə minib.

Qərar İtaliyada siyasi və hüquqi mübahisələrə səbəb olub. Milan meri Cüzeppe Sala təşəbbüsə qarşı çıxıb. Milan və Malpensa hava limanının yerləşdiyi ərazidəki digər bələdiyyələr də qərarın hüquqi əsaslarını mübahisələndirərək məhkəməyə müraciət ediblər. Əsas arqumentlərdən biri ictimai obyektlərin adlandırılması ilə bağlı səlahiyyət məsələsi və vəfat etmiş şəxslərin adının obyektlərə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət olub.

Lakin 2026-cı ilin aprelində Lombardiya İnzibati Məhkəməsinin (TAR) qərarı ENAC tərəfindən qəbul edilmiş adlandırmanın qanuniliyini təsdiqləyib. Bundan sonra ENAC hava limanının operatoru SEA şirkətinə yeni adın əks olunduğu lövhələrin hazırlanması və quraşdırılması ilə bağlı göstəriş verib.

Milan Malpensa hava limanının yeni rəsmi adı “Aeroporto Internazionale Milano Malpensa – Silvio Berlusconi” kimi müəyyənləşdirilib.

Silvio Berlusconi 2023-cü il iyunun 12-də 86 yaşında vəfat edib. O, İtaliyanın üç dəfə baş naziri olmaqla yanaşı, ölkənin iri media bizneslərindən birinin – “Mediaset”in qurucusu kimi tanınıb.

MONETAR.AZ