Ən bahalı Bugatti Veyron avtomobilinin sahibi məlum olub

Ən bahalı Bugatti Veyron avtomobilinin

Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso avtomobil kolleksiyasını “Bugatti” tarixinin ən nadir və bahalı hiperkarlarından biri ilə genişləndirib. İspaniyalı pilot unikal “Veyron Grand Sport Vitesse” modelinin 8100 şassi nömrəli nüsxəsini əldə edib. Bu avtomobil istehsal olunduğu bütün dövr ərzində modelin ən dəyərli və mürəkkəb versiyalarından biri hesab olunur.

“Carscoops”un məlumatına görə, Alonso hiperkarı digər eksklüziv avtomobili – dəyərinin 10 milyon dollardan çox olduğu bildirilən “Pagani Zonda Diamante Verde”ni əldə etdikdən cəmi bir neçə ay sonra alıb. Hər iki avtomobilin alqı-satqısının Almaniyanın “Mechatronik” dileri vasitəsilə həyata keçirildiyi bildirilir.

Alonso artıq yeni hiperkarı ilə Monakodakı “Bugatti” diler mərkəzindən çıxarkən görüntülənib. Bununla belə, avtomobilin hansı məbləğə alındığı və sövdələşmənin digər kommersiya şərtləri açıqlanmayıb.

Bu “Veyron Grand Sport Vitesse”ni fərqləndirən əsas xüsusiyyət onun tam alüminium gövdəsidir. Avtomobilin ilkin sifarişçisi kuzov panellərinin bütöv alüminium bloklardan hazırlanmasını tələb edib. Layihənin reallaşdırılması üçün ümumilikdə 20 tondan çox alüminium blokundan istifadə edildiyi bildirilir.

“Bugatti” mühəndisləri əvvəlcə bu tələbin texniki baxımdan həddindən artıq mürəkkəb olduğunu düşünərək layihəyə razılaşmayıblar. Lakin müştərinin israrı və digər sifarişləri ləğv edə biləcəyi ilə bağlı xəbərdarlığından sonra istehsalçı xüsusi versiyanın hazırlanmasına razılıq verib.

Nəticədə “Veyron” ailəsinin ən mürəkkəb və yüksək istehsal xərcli nüsxələrindən biri ortaya çıxıb. Avtomobilin fərdiləşdirilməsi yalnız kuzovla məhdudlaşmayıb. İlkin konfiqurasiyada salonda və eksteryerdə xüsusi işarələr və dekorativ elementlər də yer alıb.

Lakin hiperkar Alonsoya satılmazdan əvvəl qismən yenidən standartlaşdırılıb. Fərdi dizayn elementlərinin bir hissəsi çıxarılıb, radiator barmaqlığı və bəzi dekorativ detallar dəyişdirilib. Nəticədə avtomobil əvvəlki xüsusi sifariş görünüşündən daha çox zavod versiyasına yaxınlaşdırılıb.

“Veyron Grand Sport Vitesse”nin Alonso kolleksiyasına əlavə olunması pilotun avtomobil dünyasına olan marağının daha bir nümunəsidir. Yeni hiperkar həm nadirliyi, həm də hazırlanma tarixçəsi ilə kolleksiyanın ən diqqətçəkən avtomobillərindən birinə çevrilə bilər.

MONETAR.AZ