“Suzuki” avtomobil hazırlanması tsiklini iki ilədək azaldacaq

“Suzuki” avtomobil hazırlanması  tsiklini

Yaponiyanın “Suzuki Motor Corp.” şirkəti yeni avtomobillərin hazırlanması müddətini təxminən iki dəfə azaltmağı planlaşdırır. Şirkət bu addımla avtomobil sənayesində, xüsusilə Çin istehsalçılarının sürətləndirdiyi rəqabət şəraitində mövqeyini qorumağa çalışır.

“Suzuki”nin icraçı direktoru Tosihiro Sudzuki bildirib ki, şirkət hazırda 40-48 ay təşkil edən avtomobil hazırlanması tsiklini 2030-cu ilədək 24 aya endirməyi hədəfləyir. Onun sözlərinə görə, Çin avtomobil istehsalçıları bazara yeni modelləri çox yüksək sürətlə çıxarırlar və “Suzuki” rəqabətdə geri qalmamaq üçün inkişaf proseslərini sürətləndirməlidir.

Bu yanaşma avtomobil sənayesində son illərdə baş verən daha geniş transformasiyanın bir hissəsidir. Əvvəllər istehsal səmərəliliyi baxımından Yaponiya modeli və Almaniyanın mühəndislik yanaşması əsas meyarlar hesab olunurdusa, indi Çin şirkətləri avtomobillərin hazırlanma sürəti baxımından yeni etalon kimi nəzərdən keçirilir.

“BYD”, “Leapmotor” və “Xiaomi” kimi şirkətlər proqram təminatı əsaslı avtomobil platformalarından, sürətli yeniləmələrdən və akkumulyator texnologiyalarındakı yeniliklərdən istifadə etməklə ənənəvi avtomobil istehsalçılarının illərlə davam edən inkişaf proseslərinə alternativ model formalaşdırırlar. Bu da qlobal avtomobil şirkətlərini yeni modellərin hazırlanması və bazara çıxarılması proseslərini yenidən nəzərdən keçirməyə vadar edir.

“Suzuki”nin strategiyasında Hindistan bazarı da xüsusi yer tutur. Şirkət 2012-ci ildə ABŞ, 2018-ci ildə isə Çin bazarından çıxıb və hazırda əsas böyümə istiqamətlərindən biri kimi Hindistana diqqət yetirir.

Yapon avtomobil istehsalçısı 2030-cu ilə qədər Hindistandakı istehsal gücünü illik 4 milyon avtomobilə çatdırmağı planlaşdırır. Hazırda ölkədə şirkətin istehsal imkanları 3 milyon avtomobildən azdır.

“Suzuki” Hindistan avtomobil bazarının uzunmüddətli perspektivdə indiki səviyyə ilə müqayisədə iki-üç dəfə böyüyə biləcəyini hesab edir. Şirkətin yeni inkişaf strategiyası avtomobillərin hazırlanma müddətinin qısaldılması ilə yanaşı, məhz bu bazarda istehsal və satış imkanlarının genişləndirilməsini də nəzərdə tutur.

Beləliklə, “Suzuki” bir tərəfdən Çin avtomobil istehsalçılarının müəyyən etdiyi yüksək inkişaf tempinə uyğunlaşmağa, digər tərəfdən isə Hindistanın genişlənən avtomobil bazarında istehsal gücünü artırmağa çalışır. Şirkətin 2030-cu il üçün qarşıya qoyduğu hədəflər avtomobil sənayesində sürətli məhsul inkişafının rəqabət qabiliyyətinin əsas amillərindən birinə çevrildiyini göstərir.

MONETAR.AZ