Ətraf ərazilərdən paytaxta daxil olan sərnişinlər üçün “Avtovağzal” metro stansiyasından istifadənin daha əlçatan olması məqsədilə yeni nəqliyyat həlli tətbiq edilib. Artıq metronun “20 Yanvar” stansiyasına və “Şamaxinka” kimi tanınan əraziyə getmədən “Avtovağzal” stansiyasından ödənişsiz istifadə etmək mümkündür.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, “Avtovağzal” stansiyasına girişin ödənişsiz olması nəzərə alınaraq, sərnişinlərin bu imkanlardan daha rahat yararlanması üçün ərazidəki dayanacağa əlavə 16 avtobus marşrutu yönləndirilib.
Sərnişin axınının və nəqliyyat intensivliyinin artacağı nəzərə alınaraq avtobusların Bakı-Sumqayıt yoluna daha sürətli çıxışını təmin etmək üçün yeni avtobus zolağı təşkil olunub.
Əvvəllər “Avtovağzal” metro stansiyasının qarşısından hərəkət edən avtobuslar müəyyən trayektoriya üzrə irəlilədikdən sonra Bakı-Sumqayıt yoluna çıxırdı. Bu marşrut avtobusların hərəkət məsafəsini əlavə 1,1 kilometr artırırdı.
Yeni avtobus zolağının təşkili ilə avtobusların Bakı-Sumqayıt yoluna birbaşa çıxışı təmin edilib. Nəticədə əlavə hərəkət məsafəsi 1,1 kilometrdən təxminən 100 metrədək azaldılıb.
Yeni nəqliyyat həlli avtobusların hərəkət müddətinin qısaldılmasına, yollarda vaxt itkisinin azalmasına və sərnişinlərin daha rahat daşınmasına imkan yaradacaq.