Audi” şirkətinin elektromobili bir dəfəlik şarjla qət edilən məsafə üzrə yeni rekord müəyyənləşdirib. “Audi A6 Sportback e-tron” modeli şarj olunmadan 1 338 kilometr məsafə qət edərək əvvəlki rekordçu “Lucid Air Grand Touring” sedanını geridə qoyub.
Rekord sürüş Polşanın ümumi istifadəli yollarında ralli üzrə Avropa çempionu Miko Marçik tərəfindən həyata keçirilib. Marşrut Zakopanedən Krakov və ölkənin mərkəzi regionları vasitəsilə Baltik dənizi sahilinə qədər uzanıb. Daha sonra sürücü yolun bir hissəsini əks istiqamətdə yenidən qət edib.
“Audi”nin məlumatına görə, məsafənin əhəmiyyətli hissəsi, o cümlədən pik saatlarda, intensiv hərəkətin olduğu yollardan keçib. Sürüş zamanı elektromobilin orta enerji sərfi 100 kilometrə 7,09 kilovat-saat təşkil edib.
Modelin rəsmi WLTP standartı üzrə yürüş məsafəsi isə 776 kilometrədəkdir. Bu baxımdan, real yol şəraitində 1 338 kilometr məsafənin qət edilməsi avtomobilin elan edilən göstəricisini əhəmiyyətli dərəcədə üstələyib.
“Audi A6 Sportback e-tron” 367 at gücü və 565 Nm fırlanma anı hasil edən arxa elektromotorla təchiz olunub. Elektromobil 100 km/saat sürətə 5,4 saniyəyə çatır. Onun maksimal sürəti 210 km/saatla məhdudlaşdırılıb.
Əvvəlki elektromobil rekordu 2025-ci ildə “Lucid Motors” şirkətinin modelinə məxsus olub. Həmin avtomobil bir dəfəlik şarjla 1 205 kilometr məsafə qət edib. Yeni nəticə əvvəlki göstəricidən 133 kilometr çoxdur.
Miko Marçik 2025-ci ildə dizel mühərrikli “Skoda Superb” avtomobili ilə də uzunməsafəli yürüş rekordu müəyyənləşdirib. O, bir yanacaq çəni ilə 2 831 kilometr məsafə qət edərək daxiliyanma mühərrikli avtomobillər arasında rekord nəticə göstərib.
“Audi A6 Sportback e-tron”un yeni nailiyyəti elektromobillərin enerji səmərəliliyi və uzunməsafəli yürüş imkanlarının inkişaf etdiyini göstərən nümunələrdən biri kimi qiymətləndirilir.
MONETAR.AZ