İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Regional enerji bağlantıları və yaşıl keçid: çağırışlar və imkanlar” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada regional enerji bağlantılarının inkişafı, yaşıl keçidin sürətləndirilməsi, bərpaolunan enerji layihələrinə investisiyaların cəlb edilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məsələləri müzakirə olunub.
“The European House - Ambrosetti” (“TEHA Group”) beyin mərkəzinin rəsmisi Alessandro Vivianinin moderatorluğu ilə keçirilən paneldə energetika naziri Pərviz Şahbazov Azərbaycanın Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya arasında regional enerji bağlantılarının inkişafında və enerji təhlükəsizliyinin gücləndirilməsində rolundan danışıb. Ölkədə həyata keçirilən bərpaolunan enerji və yaşıl infrastruktur layihələri barədə məlumat verilib.
Paneldə energetika nazirinin müavini Orxan Zeynalov, “SOCAR Green” MMC-nin baş direktoru Elmir Musayev, İtaliyanın “Intesa Sanpaolo” bankının qlobal korporativ bankçılıq üzrə enerji sənayesi rəhbəri Luka Matrone, Çinin ISETS (International Society for Energy Transition Studies) Şurasının sədri Syanşen Sun, “Çalık Holding”in İdarə Heyətinin sədri Ahmet Çalık və “Yaşıl Dəhliz Birliyi” Birgə Müəssisəsinin baş direktoru Tural Əliyev də çıxış ediblər.
Müzakirələr zamanı bərpaolunan enerji və yaşıl infrastruktur layihələrinə investisiyaların artırılması üçün əlverişli siyasət və tənzimləyici çərçivələrin formalaşdırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, layihələrin reallaşdırılması üçün texnologiya, avadanlıq və maliyyələşdirmə imkanlarının genişləndirilməsi məsələlərinə diqqət yetirilib.
Panel iştirakçıları transsərhəd enerji layihələrinin, o cümlədən yaşıl elektrik enerjisinin ötürülməsi və regional enerji bazarlarının inteqrasiyasının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Yaşıl keçidin sürətləndirilməsi ilə yanaşı, enerji təhlükəsizliyinin və sənaye rəqabətqabiliyyətliliyinin qorunması, eləcə də İtaliya ilə enerji və yaşıl keçid sahəsində strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətləri də müzakirə olunub.
Qeyd edək ki, Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, “The European House - Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçirilən forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.