Rusiya Urals neftinin qiymətini 53 dollar proqnozlaşdırır

Rusiya Urals neftinin qiymətini

Rusiya İqtisadi İnkişaf Nazirliyi 2027-ci ildə Urals markalı neftin orta qiymətinin 53 dollar/barel olacağını proqnozlaşdırır. 2028-ci il üçün qiymət 52 dollar, 2029-cu il üçün isə 51 dollar səviyyəsində gözlənilir.

Monetar.az xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov hökumətin iclasında açıqlayıb.

Nazirin sözlərinə görə, Brent neftinin qiyməti üzrə 2027-ci il proqnozu 73 dollara yüksəldilib. May ayında açıqlanan proqnozda bu göstərici 65 dollar təşkil edirdi. Brent üzrə qiymətin 2029-cu ildə 66 dollara qədər azalacağı gözlənilir.

Urals üzrə proqnoz isə Brentlə müqayisədə daha az artırılıb. Belə ki, 2027-ci il üçün əvvəlki 50 dollarlıq proqnoz 53 dollara, 2028-ci il üçün isə qiymət 52 dollara yüksəldilib. 2029-cu il üçün proqnoz 51 dollar təşkil edir.

Nazir bildirib ki, Urals ilə Brent arasındakı qiymət fərqinin daha geniş olacağı ehtimalı nəzərə alınıb. 2027-ci ildən Urals üçün müəyyən edilən 50 dollarlıq qiymət həddi ilə müqayisədə yeni proqnoz cəmi 3 dollar yüksəkdir.

2026-cı il üçün isə Rusiya İqtisadi İnkişaf Nazirliyi Brent neftinin orta qiymətini 85,7 dollar, Uralsın qiymətini isə 61,2 dollar/barel səviyyəsində gözləyir.