Dünyanın ən böyük neft ixracatçıları – ABŞ Səudiyyə Ərəbistanını geridə qoyub

Dünyanın ən böyük neft ixracatçıları –

ABŞ 2025-ci ildə gündəlik 10,7 milyon barel neft ixrac edərək dünyanın ən böyük neft ixracatçısı olub. Ölkənin ixrac həcmi ikinci pillədə qərarlaşan Səudiyyə Ərəbistanını gündəlik 2,8 milyon barel üstələyib.

Monetar.az xəbər verir ki, OPEC-in 2026-cı il illik statistik bülleteninə  görə, ABŞ-ın dünya neft ixracındakı payı 14 faiz təşkil edib.

Səudiyyə Ərəbistanı gündəlik 7,9 milyon barel ixracla ikinci, Rusiya isə 6,6 milyon barellə üçüncü yerdə qərarlaşıb. Beləliklə, ilk üç ölkənin ümumi ixracı dünya neft ixracının 33 faizini təşkil edib.

İlk beşliyə Kanada 4,1 milyon barel və Birləşmiş Ərəb Əmirlikləri 3,9 milyon barellə daxil olub. Onlardan sonra İraq 3,5 milyon, Küveyt 2,4 milyon, Braziliya 2,4 milyon və Niderland 2,1 milyon barellə qərarlaşıb. İran isə gündəlik 2,1 milyon barel ixracla 10-cu yerdədir.

2025-ci ildə dünyada ümumi neft ixracı gündəlik 76,6 milyon barel olub.

Regional bölgüdə isə Yaxın Şərq liderdir. Regiondan gündəlik 22,4 milyon barel neft ixrac edilib ki, bu da dünya ixracının 29,2 faizinə bərabərdir.

Avropanın payı 21 faiz, Şimali Amerikanın payı 20,5 faiz, Asiya-Sakit okean regionunun payı 14,2 faiz, Afrikanın payı 7,9 faiz, Mərkəzi və Cənubi Amerikanın payı isə 7,3 faiz olub.

Qeyd edək ki, göstəricilərə xam neftlə yanaşı neft məhsulları da daxildir. Buna görə Niderland və Sinqapur kimi iri emal və ticarət mərkəzləri də siyahıda yüksək mövqelərdə yer alır.