Çinin neft alışları dünya neft bazarının əsas sualına çevrilib

Çinin neft alışları dünya neft bazarının

ABŞ-ın İranla münaqişəsinin qlobal neft bazarına təsirini məhdudlaşdıran əsas amillərdən biri Çinin neft idxalını azaltması olub. “Bloomberg” yazır ki, bazar bir müddət Qərbin strateji ehtiyatları, alternativ boru kəmərləri, kommersiya ehtiyatları, Hörmüz boğazından həyata keçirilən tanker daşımaları və Çinin neft alışlarını azaltması kimi beş əsas bufer hesabına təchizat şokunun təsirlərini yumşalda bilib.

Lakin bu mexanizmlərin bir qismi tədricən zəiflədikcə diqqət Pekinin neft alışlarını aşağı səviyyədə saxlamağa davam edib-etməyəcəyinə yönəlib. Çin neft bazarının miqyası və mürəkkəbliyi səbəbindən bu suala cavab vermək isə asan deyil. Son günlər Pekinin neft alışlarını artırdığı barədə məlumatlar yayılsa da, faktiki göstəricilər Çinin əvvəlki illə müqayisədə hələ də əhəmiyyətli dərəcədə az neft idxal etdiyini göstərir. Dəyişən əsas məqam isə Pekinin nefti hansı mənbələrdən almasıdır.

Bu məsələ ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Tszinpin arasında Vaşinqtonda gözlənilən görüş ərəfəsində xüsusi əhəmiyyət daşıyır. Çinin neft idxalını nə qədər aşağı səviyyədə saxlaması qlobal qiymət təzyiqlərinin və enerji bazarındakı vəziyyətin necə formalaşmasına təsir edən əsas amillərdən biridir.

Münaqişə fevralın 28-də başlamazdan əvvəl Çin dəniz yolu ilə gündəlik orta hesabla 10,5 milyon barel neft idxal edirdi. Apreldən etibarən Pekin alışları azaltmağa başlayıb. İdxalın azalması sonrakı aylarda daha da sürətlənib və iyunda Çinin dəniz yolu ilə neft idxalı son on ilin minimumuna – gündə 5,8 milyon barelə düşüb. Bu, bazarda digər alıcılar üçün daha çox neftin əlçatan olmasına və qiymət təzyiqinin məhdudlaşmasına şərait yaradıb.

“Vortexa”nın məlumatına görə, Çinin neft alışlarını kəskin artırdığı barədə xəbərlərə baxmayaraq, sentyabr ayında ölkənin dəniz yolu ilə neft idxalı hələlik gündə 7 milyon bareldən aşağıdır. Bu göstərici iyul və avqust aylarının orta səviyyəsindən də aşağıdır.

Ümumilikdə, Çin bu il dəniz yolu ilə neft idxalını 2025-ci ildəki tempdə davam etdirsəydi alacağı həcmdən təxminən 600 milyon barel az neft alıb. Əgər Pekin dördüncü rübdə idxal tempini sentyabr səviyyəsində saxlayarsa, ilin sonuna qədər bu fərqin 1 milyard barelə yaxınlaşa biləcəyi hesablanır.

Çinin idxalında ümumi azalma ilə yanaşı, neftin mənbələrində də ciddi dəyişiklik baş verib. ABŞ sanksiyalarına baxmayaraq Pekinin güzəştli qiymətlərlə aldığı İran neftinin həcmi kəskin azalıb. Çin yaranmış boşluğu kompensasiya etmək üçün açıq bazardan digər mənbələrdən daha çox neft almağa başlayıb. Bu isə ümumi idxal həcmi aşağı qalsa belə, müəyyən neft bazarlarında qiymət təzyiqini artırır.

Məsələn, Brent etalonunun formalaşdığı Şimal dənizi bazarından əlavə neft alınması qlobal qiymətlərə qara bazardan alınan eyni həcmdə neftlə müqayisədə daha çox təsir göstərə bilər. Buna görə də Çinin idxal coğrafiyasındakı dəyişikliklər bazarda Pekinin neft alışlarını artırdığı barədə təsəvvür yaradır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin İranın neft ixracına tətbiq etdiyi blokadanın təsiri gücləndikcə Çinin İran neftindən aldığı həcm də azalıb. Bu ayın əvvəlindən Pekinin İrandan gündə təxminən 80 min barel neft aldığı bildirilir. Münaqişədən əvvəl isə bu göstərici adətən 1–1,5 milyon barel arasında dəyişirdi.

Yaranmış fərqi kompensasiya etmək üçün Çin İraq, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Kanadadan daha çox neft alır. Beləliklə, Pekinin ümumi idxalı aşağı səviyyədə qalsa da, alışların coğrafiyasının dəyişməsi ayrı-ayrı bazarlarda əlavə tələb yaradır.

Çinin digər mühüm üstünlüyü isə böyük strateji neft ehtiyatlarıdır. Son onillik ərzində Pekin 1,2 milyard bareldən çox tutuma malik strateji ehtiyat sistemi formalaşdırıb. Bu həcm ABŞ-ın strateji neft ehtiyatında qalan miqdardan təxminən dörd dəfə çoxdur.

Hələlik Çin Hörmüz boğazında yaranan təchizat problemlərini kompensasiya etmək üçün strateji ehtiyatlarından məhdud həcmdə istifadə edib. Pekinin idxalı daha uzun müddət aşağı səviyyədə saxlaması enerji bazarındakı təzyiqin müəyyən qədər məhdudlaşdırılmasına imkan verə bilər.

Bu baxımdan əsas sual Çinin neft alışlarını nə qədər müddət aşağı səviyyədə saxlayacağıdır. Pekinin belə siyasəti ABŞ-a İranla bağlı təzyiqləri davam etdirmək üçün əlavə zaman qazandıra bilər. Bununla belə, Çinin neft idxalını azaltması ABŞ-a dəstək məqsədi daşımır. Daha aşağı enerji qiymətləri və sabit neft təchizatı, ilk növbədə, Çinin öz iqtisadi maraqlarına cavab verir.

MONETAR.AZ