“Kalaşnikov” ADEX-2026 sərgisində yeni silah modellərini təqdim edəcək

“Kalaşnikov” ADEX-2026 sərgisində yeni silah modellərini

Rusiyanın “Kalaşnikov” konserni sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək “ADEX-2026” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində yeni kiçik silah və pilotsuz sistemlərini nümayiş etdirəcək.

Bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.

Şirkətin sərgidə ilk dəfə nümayiş etdirəcəyi məhsullar arasında 5,45 millimetrlik “AK-12K” və kompakt “AK-12SK”, həmçinin 7,62 millimetrlik “AK-15K” və “AK-15SK” avtomatları yer alacaq.

“Kalaşnikov” Azərbaycanda ilk dəfə idarə olunan sursatların “Kub” ailəsinə daxil olan “Kub-2-E”, “Kub-10E” və yeni “KUB-10ME” sistemlərini də təqdim edəcək.

Sərgi iştirakçıları və ziyarətçilər “AK-200” avtomatı, “Çukavin” snayper tüfəngi, “Kalaşnikov” avtomatı, eləcə də “Lebedev” və “Yarıgin” tapançaları ilə də tanış ola biləcəklər.

Pilotsuz sistemlər sırasında “Kub” ailəsi ilə yanaşı, “Rus-PE” portativ kəşfiyyat və zərbə sistemi və “SKAT 350M” mülki pilotsuz uçuş aparatı nümayiş olunacaq.

Sərgidə “Kalaşnikov” konserninin tərəfdaş şirkətləri də məhsullarını təqdim edəcək. “Triada-TKO” ilk dəfə “Military Special” seriyasına aid taktiki geyimləri və əlavə modullarla təchiz edilən MPC 1.0 modul yükdaşıma sistemini nümayiş etdirəcək.

Konsernin strukturuna daxil olan “Polad Tədqiqat İnstitutu” SC isə sərgi çərçivəsində müasir dinamik mühafizə elementlərini təqdim edəcək.

“ADEX-2026” sərgisi sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək və müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin yeni məhsul və texnologiyalarını nümayiş etdirməsi üçün platforma rolunu oynayacaq.