Azərbaycanın Milli Etalon Vaxtını göstərən platforma istifadəyə verilib

Azərbaycanın Milli Etalon Vaxtını göstərən

Azərbaycanın Milli Etalon Vaxtının real vaxt rejimində nümayiş etdirildiyi rəsmi internet platforması istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) hazırladığı platforma vasitəsilə ölkənin Milli Etalon Vaxtını — UTC (AZ) — onlayn izləmək mümkündür.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (BIPM) tərəfindən ötən il təsdiqlənən Azərbaycanın Milli Etalon Vaxtından müxtəlif sahələrdə fəaliyyət göstərən qurumlar istifadə edə biləcəklər.

Bura telekommunikasiya şirkətləri, audiovizual yayım qurumları, bank və maliyyə sektoru, nəqliyyat və enerji infrastrukturu, informasiya təhlükəsizliyi və məlumatların emalı sahəsində çalışan təşkilatlar, elmi-tədqiqat institutları, dövlət qurumları və digər maraqlı tərəflər daxildir.

Etibarlı və izlənilə bilən vaxt mənbəyi maliyyə əməliyyatlarının dəqiq vaxtının müəyyənləşdirilməsi, nəqliyyat və naviqasiya sistemlərinin, eləcə də şəbəkə infrastrukturunun sinxronlaşdırılması kimi bir çox istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan hazırda qlobal səviyyədə Koordinasiyalı Universal Vaxtın (UTC) formalaşdırılmasına töhfə verən ölkələr sırasındadır.

AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasında quraşdırılmış sezium atom saatlarından və peyk sistemlərindən əldə edilən vaxt fərqi məlumatları mütəmadi olaraq Beynəlxalq Çəkilər və Ölçülər Bürosuna ötürülür. Bu məlumatlar UTC-nin hesablanması və formalaşdırılmasında istifadə edilir.

Beləliklə, Azərbaycan qlobal UTC sisteminə öz töhfəsini verir və Milli Etalon Vaxtının beynəlxalq səviyyədə dəqiqliyinin və etibarlılığının təmin olunmasına imkan yaradır.