Yaponiya Maliyyə Nazirliyi apreldə başlayacaq növbəti maliyyə ili üzrə ilkin büdcə çərçivəsində dövlət borcuna xidmət xərcləri üçün rekord məbləğ — 36,6 trilyon yen (təxminən 230 milyard dollar) tələb etməyi planlaşdırır. “Bloomberg” xəbər verir ki, bu barədə ilkin büdcə planlarına istinadən məlumat yayılıb.
Ümumi məbləğin təxminən 16,6 trilyon yeni faiz ödənişlərinə, 20 trilyon yeni isə əsas borcun qaytarılmasına yönəldilməsi nəzərdə tutulur. Bu, cari maliyyə ilinin ilkin büdcəsində borca xidmət üçün ayrılmış 31,28 trilyon yenlə müqayisədə 17% çoxdur.
Nazirlik hesablamaları apararkən 3,8%-lik ilkin faiz dərəcəsindən istifadə edib. Bu göstərici son təxminən 30 ilin ən yüksək səviyyəsinə uyğundur.
Yaponiyanın dövlət istiqrazlarının gəlirliliyi Baş nazir Sanae Takaitinin iqtisadi artımı stimullaşdırmaq strategiyası və satış vergisinin planlaşdırılan azaldılması ilə bağlı narahatlıqlar fonunda yüksəlib. Takaiti bu tədbirlərin necə maliyyələşdiriləcəyini hələ açıqlamayıb. Yaxın Şərqdəki münaqişə və digər iri iqtisadiyyatlarda büdcə problemlərinin yaranması da qlobal miqyasda borclanma xərclərinin artmasına səbəb olub.
Takaitinin təşəbbüsü ilə həyata keçirilən büdcə sisteminin islahatı çərçivəsində əlavə xərclərin də artacağı gözlənilir. Nəticədə Yaponiyanın ümumi büdcəsinin ilk dəfə 130 trilyon yeni ötəcəyi proqnozlaşdırılır.
Yaponiya nazirlikləri yaxın günlərdə növbəti maliyyə ili üçün maliyyələşmə tələblərini təqdim etməyə başlayacaqlar. Müraciətlərin rekord səviyyəyə çatacağı gözlənilir. Takaiti sonrakı mərhələdə əlavə büdcələrə mümkün qədər az ehtiyac yaranması üçün daha çox xərci ilkin büdcə paketinə daxil etməyə çalışır.
Qeyd edək ki, Yaponiya uzun illərdir əlavə büdcələrdən fiskal siyasətin əsas alətlərindən biri kimi istifadə edir.
MONETAR.AZ