BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avqustun 27-dən 30-dək ölkə ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

BDYPİ-dən bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qeyd olunan günlərdə Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi ərazilərdə küləyin güclənəcəyi, ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Bundan başqa, çaylarda sululuğun artacağı və bəzi ərazilərdən qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

İdarə hava şəraitinin yollarda yarada biləcəyi riskləri nəzərə alaraq sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.

Sürücülərə yağıntılı hava şəraitində hərəkət sürətini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil və sərt manevrlərdən çəkinmək, ötmə zamanı isə xüsusilə ehtiyatlı olmaq tövsiyə olunur.

Görünüş məsafəsinin məhdudlaşdığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, su basmış və sel təhlükəsi olan yol sahələrindən keçərkən riskli hərəkətlərə yol verilməməlidir.

Küləyin güclü olduğu ərazilərdə, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücüləri daha diqqətli olmalı, daşınan yükün etibarlı şəkildə bərkidilməsinə və avtomobilin dayanıqlılığına xüsusi diqqət yetirməlidirlər.

Piyadalara da yağıntı və külək səbəbindən görünüş imkanlarının məhdudlaşa biləcəyini nəzərə almaq, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmək tövsiyə edilir.

BDYPİ bütün hərəkət iştirakçılarını dəyişkən hava şəraitini düzgün qiymətləndirməyə, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırıb.