ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət qarşıdurmasının fonunda Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsini təklif edib.
Monetar.az xəbər verir ki, Tramp sosial şəbəkədə ABŞ-ın Ontario ilə əvvəlki həcmdə ticarət aparmasını gözləmədiyini bildirib və gölün adının dəyişdirilməsi məsələsinin ciddi şəkildə nəzərdən keçirildiyini qeyd edib.
Trampın bu açıqlaması ABŞ və Kanada arasında ticarət gərginliyinin artdığı bir vaxtda səslənib. Tərəflər arasında aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra ABŞ Kanadadan idxal olunan bir sıra məhsullara yeni tariflər tətbiq edib.
Kanadanın Baş naziri Mark Karni isə ABŞ-a qarşı cavab tarifləri tətbiq ediləcəyini açıqlayıb. Tramp həmçinin gələn ildən Kanadadan idxal olunan avtomobil və avtomobil hissələrinə tarifləri iki dəfə artıracağını bildirib.
Yeni tariflərin Kanadanın Ontario əyalətinə ciddi təsir göstərə biləcəyi bildirilir. Ontario ölkənin avtomobil və polad sənayesinin əsas mərkəzlərindən biridir.
ABŞ Prezidenti ilə Ontario əyalətinin Baş naziri Duq Ford arasında da son dövrlərdə qarşılıqlı sərt açıqlamalar səslənib. Ford ABŞ-a qarşı cavab tədbirləri, o cümlədən elektrik enerjisi ixracının dayandırılması imkanından danışıb.
Ontario gölünün adının dəyişdirilməsi ilə bağlı açıqlama Trampın 2025-ci ilin əvvəlində Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsini təklif etməsini də xatırladır.