“Daşkəsən Dəmir Filiz”in metal tullantıları hərraca çıxarılır

“Daşkəsən Dəmir Filiz”in

“Daşkəsən Dəmir Filiz” MMC-nin balansında olan metal tullantıları bu gün hərraca çıxarılacaq. Monetar.az xəbər verir ki, hərrac saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərraca ümumilikdə 609,935 ton metal tullantısı çıxarılır. Bunun 600,465 tonu qara metal tullantıları, 5,62 tonu mis, 3,85 tonu isə alüminium tullantılarıdır.

Qara metal tullantılarının 1 tonu üçün başlanğıc qiymət 320 manat müəyyən edilib. Mis tullantılarının 1 tonunun başlanğıc qiyməti 12 min manat, alüminiumun isə 2 min manatdır.

Lot üzrə hərracın başlanğıc məbləği 267 288,8 manat, beh məbləği isə 26 728,88 manat təşkil edir.

Hərrac predmetləri “Daşkəsən Dəmir Filiz” MMC-nin Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 1 ünvanında yerləşən inzibati ərazisindədir.

Hərracda iştirak etmək istəyən şəxslər tələb olunan sənədləri hərracın başlanmasına ən gec 3 bank günü qalanadək təqdim etməlidirlər.

Hərracın qalibi metal tullantılarının sökülməsi, çeşidlənməsi, nəqliyyat vasitələrinə yüklənməsi, çəkilməsi və daşınması ilə bağlı bütün işləri öz vəsaiti hesabına həyata keçirəcək.