ABŞ dolları inflyasiya göstəricilərinin Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə dair gözləntiləri gücləndirməsi fonunda son dörd həftənin ən sürətli yüksəlişini nümayiş etdirib. Monetar.az xəbər verir ki, Bloomberg Dollar Spot İndeksi ABŞ xəzinə istiqrazlarının gəlirliliyindəki artımı izləyərək 0,3 faizədək yüksəlib.
Dolların bahalaşması ABŞ-da FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan şəxsi istehlak xərcləri üzrə qiymət indeksinin (PCE) iyul ayında illik 3,7 faiz artması ilə əlaqələndirilir. Bu göstərici FED-in 2 faizlik hədəfindən təxminən iki dəfə yüksəkdir.
İnflyasiya göstəriciləri investorların FED-in qarşıdakı ayda faiz dərəcələrini artıracağı ehtimalını təxminən 40 faizə yüksəldib. Dekabr ayına qədər 0,25 faiz bəndi artım isə tam şəkildə qiymətləndirilir.
Dollar çərşənbə günü G10 ölkələrinin demək olar ki, bütün əsas valyutaları qarşısında möhkəmlənib. Yeni Zelandiya dolları və İsveçrə frankı ən zəif nəticə göstərən valyutalar arasında olub.
Yapon yeni də dollar qarşısında 0,2 faizədək ucuzlaşaraq 159,45 səviyyəsinə geriləyib.
Bununla yanaşı, ABŞ-da inflyasiyaya uyğunlaşdırılmış istehlak xərclərinin iyul ayında dəyişməməsi dolların yüksəlişini müəyyən qədər məhdudlaşdırıb. İnvestorların diqqəti hazırda FED sədri Kevin Uorşun avqustun 28-də Vayominq ştatının Cekson-Houl şəhərində keçiriləcək simpoziumda çıxışına yönəlib.