2025-ci il SOCAR üçün yalnız maliyyə göstəricilərinin yaxşılaşdığı dövr deyil, həm də əməliyyat səmərəliliyinin artırılması, maliyyə dayanıqlılığının möhkəmləndirilməsi və beynəlxalq biznes portfelinin genişləndirilməsi ilə yadda qalıb.
Şirkətin aktiv və kapitalının artması, uzunmüddətli öhdəliklərinin isə azalması 2025-ci ilin nəticələrini həm mənfəətlilik, həm də balans göstəriciləri baxımından fərqləndirib. Bu dinamika SOCAR-ın cari fəaliyyətini uğurla davam etdirməklə yanaşı, uzunmüddətli inkişaf və investisiya imkanlarını dəstəkləyən maliyyə bazasını qoruduğunu göstərir.
SOCAR-ın ümumi aktivləri 2025-ci ildə 2,3 faiz və ya 2,15 milyard manat artaraq 96,85 milyard manata çatıb. Cari aktivlər isə 7,4 faiz və ya 2,11 milyard manat artaraq 30,56 milyard manat təşkil edib. Şirkətin ümumi aktivləri ümumi öhdəliklərini 49,93 milyard manat üstələyib.
Eyni zamanda, uzunmüddətli öhdəliklər 24,2 milyard manatdan 18,7 milyard manatadək azalıb. Təxminən 5,5 milyard manatlıq bu azalma şirkətin uzunmüddətli maliyyə yükünün aşağı düşməsinə və maliyyə mövqeyinin möhkəmlənməsinə imkan verib.
SOCAR-ın ümumi kapitalı 2025-ci ildə 2,6 faiz artıb. 2021–2025-ci illər ərzində isə şirkətin ümumi kapitalı 2,2 dəfə yüksəlib.
Aktiv və kapitalın artması ilə yanaşı, uzunmüddətli öhdəliklərin azalması SOCAR-ın maliyyə dayanıqlılığını gücləndirən əsas amillərdən biri olub.
Şirkət ötən il strateji inkişaf prioritetlərinə uyğun olaraq beynəlxalq aktivlər portfelini genişləndirib, enerji dəyər zəncirinin müxtəlif seqmentlərində mövqelərini möhkəmləndirib və yeni bazarlara çıxış imkanlarını artırıb. Bununla yanaşı, xərclərin optimallaşdırılması, müəssisələrarası inteqrasiyanın gücləndirilməsi, maliyyə resurslarının daha səmərəli idarə olunması, innovativ və rəqəmsal həllərin tətbiqi əməliyyat effektivliyinin yüksəldilməsinə töhfə verib.
2025-ci ilin maliyyə nəticələrində ən diqqətçəkən məqam mənfəət göstəricilərinin əhəmiyyətli yüksəlişi olub.
SOCAR-ın gəlirləri ötən il 1,9 faiz artaraq 84,7 milyard manatdan 86,3 milyard manata yüksəlib.
Ümumi mənfəət isə daha yüksək dinamika nümayiş etdirib. Belə ki, göstərici 70,5 faiz artaraq 7,39 milyard manatdan 12,61 milyard manata çatıb.
Beləliklə, gəlirlərin cəmi 1,9 faiz artdığı şəraitdə ümumi mənfəətin 70,5 faiz yüksəlməsi xərclərin optimallaşdırılması və əməliyyat fəaliyyətinin səmərəliliyinin artırılmasının SOCAR-ın maliyyə nəticələrinə əhəmiyyətli müsbət təsir göstərdiyini nümayiş etdirir.
