Macarıstan Milli Bankı baza faiz dərəcəsini 25 baza bəndi azaldaraq 5,5%-ə endirib. Bu, ölkədə inflyasiyanın son on ilin ən aşağı səviyyəsinə geriləməsi fonunda ardıcıl üçüncü faiz endirimi olub.
Mərkəzi Bankın qərarı "Bloomberg"in sorğusunda iştirak edən 20 iqtisadçının hamısının proqnozları ilə üst-üstə düşüb.
Macarıstanda illik inflyasiya iyul ayında 1,2%-ə qədər zəifləyərək 2016-cı ildən bəri ən aşağı səviyyəyə düşüb. Mərkəzi Bank iyun ayında 2026-cı il üzrə orta illik inflyasiya proqnozunu mart ayında açıqlanan 3,8%-dən 1,8%-ə endirmişdi. Forintin möhkəmlənməsi isə idxal olunan məhsulların qiymətlərinin azalmasına şərait yaradıb.
Bankın rəhbəri Mixay Varqa iyun ayında bildirmişdi ki, sentyabr iclasına qədər Mərkəzi Bankın faiz dərəcəsini hər dəfə 25 baza bəndi olmaqla daha üç dəfə azaltmaq imkanı var. Həmin iclasda inflyasiya üzrə rüblük proqnozların yenilənməsi və pul-kredit siyasətinin gələcək istiqamətinin yenidən qiymətləndirilməsi gözlənilir.
Növbəti faiz qərarları əsasən yenilənmiş inflyasiya proqnozlarından asılı olacaq. Enerji daşıyıcılarının qiymətlərinin yüksək qalması inflyasiya üçün risk olaraq qalır. Eyni zamanda, ABŞ-İran münaqişəsinin nizamlanması ilə bağlı ilkin nikbinliyin zəifləməsi də Mərkəzi Bankın gələcək siyasətinə təsir göstərə biləcək amillər sırasındadır.
MONETAR.AZ