Bu gün Milli Məclisdə 22 məsələ müzakirə olunacaq

Bu gün Milli Məclisdə

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası bu gün keçiriləcək. İclasın gündəliyinə 22 məsələ daxil edilib.

Müzakirəyə çıxarılacaq əsas məsələlər arasında Azərbaycanın bir sıra beynəlxalq sənədlərə qoşulması və müxtəlif qanunvericilik aktlarına dəyişikliklər yer alır.

Gündəliyə "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyaya qoşulmaq, eləcə də Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqavilənin təsdiqi ilə bağlı qanun layihələri daxildir.

Deputatlar həmçinin Ticarət Gəmiçiliyi Məcəlləsi, Cinayət Məcəlləsi, Vergi Məcəlləsi, Gömrük Məcəlləsi, Torpaq Məcəlləsi, Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdən keçirəcəklər.

Bununla yanaşı, "Psixiatriya yardımı haqqında", "Dövlət satınalmaları haqqında", "Tibbi sığorta haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunlara dəyişikliklər, həmçinin "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" yeni qanun layihələri də müzakirə ediləcək.

Qanun layihələrinin bir hissəsi üçüncü, bir hissəsi ikinci, digərləri isə birinci oxunuşda parlamentin müzakirəsinə çıxarılacaq.