Bu gün – 11 iyul bütün dünyada Ümumdünya Əhali Günü kimi qeyd olunur. Günün təsis edilməsində əsas məqsəd əhali artımı, demoqrafik dəyişikliklər, urbanizasiya, miqrasiya, ətraf mühit və dayanıqlı inkişaf kimi qlobal məsələlərə diqqəti artırmaqdır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 1987-ci il iyulun 11-də dünya əhalisinin sayı ilk dəfə 5 milyarda çatıb. Tarixə "Beş Milyard Günü" kimi düşən bu hadisədən sonra BMT Baş Assambleyası 1990-cı ilin dekabrında qəbul etdiyi 45/216 saylı qətnamə ilə hər il 11 iyulun Ümumdünya Əhali Günü kimi qeyd olunmasını qərara alıb.
Son onilliklərdə dünya əhalisinin artım tempi sürətlə yüksəlib. 1950–2020-ci illər ərzində Yer kürəsinin əhalisi üç dəfədən çox artıb. 2007-ci ildə dünya əhalisi 6,7 milyarda, 2022-ci ildə isə 8 milyardı ötüb. Hazırda planetdə 8,3 milyarddan çox insan yaşayır və hər il bu rəqəmə təxminən 83 milyon nəfər əlavə olunur.
BMT-nin orta ssenarili proqnozlarına əsasən, 2030-cu ildə dünya əhalisinin 8,5 milyarda, 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 10,9 milyarda çatacağı gözlənilir. Bu dinamika ailə planlaşdırılması proqramlarının effektivliyi və demoqrafik proseslərin inkişafından da asılı olacaq.
BMT qeyd edir ki, əhalinin sayı və demoqrafik dəyişikliklərə dair hazırlanan statistik qiymətləndirmələr ölkələrin uzunmüddətli inkişaf strategiyalarının hazırlanmasına, sosial-iqtisadi planlaşdırmanın təkmilləşdirilməsinə və əsaslandırılmış qərarların qəbuluna mühüm töhfə verir.
Əhali artımı ilə yanaşı, urbanizasiya prosesi də sürətlənir. 2007-ci ildə tarixdə ilk dəfə şəhərlərdə yaşayan insanların sayı kənd əhalisini üstələyib. Proqnozlara görə, 2050-ci ildə dünya əhalisinin təxminən 66 faizi şəhərlərdə yaşayacaq. Bu tendensiya məşğulluq, yoxsulluq, sosial müdafiə, səhiyyə, təhsil, mənzil təminatı, içməli su, ərzaq və enerji kimi sahələrdə yeni çağırışlar yaradır.
BMT vurğulayır ki, qlobal istiləşmə və təbii resurslardan intensiv istifadə də əhali artımı ilə sıx bağlıdır. Buna görə də əhali dinamikasının düzgün qiymətləndirilməsi dayanıqlı inkişaf siyasətinin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.
Bu il Ümumdünya Əhali Gününün mövzusu "Gənclərin ümid və arzularının həyata keçirilməsi – həm bu gün, həm də gələcək üçün" şüarı altında qeyd olunur.
Azərbaycanda da əhali artımı davam edir. Rəsmi statistikaya əsasən, 2026-cı il mayın 1-nə ölkə əhalisinin sayı ilin əvvəlindən 7 min 987 nəfər və ya 0,1 faiz artaraq 10 milyon 270 min 338 nəfərə çatıb.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Prezidentin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 2026-cı il iyunun 1-dək işğaldan azad olunmuş ərazilərə 36 min 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da həmin ərazilərdə yaşayan, çalışan və təhsil alan şəxslərin ümumi sayı 88 min 123 nəfərə çatıb.
Hazırda Azərbaycan əhalisinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi isə kənd yerlərində yaşayır. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
