Çin neft emalı zavodlarına yanacaq istehsalını artırmağı tapşırıb

Çin neft emalı zavodlarına yanacaq istehsalını

Çin hakimiyyəti İran və ABŞ arasında yenidən alovlanan hərbi qarşıdurma fonunda ölkənin iri neft emalı zavodlarına (NEZ) yanacaq istehsalını yüksək səviyyədə saxlamaq, bəzi hallarda isə artırmaq göstərişi verib. Bu barədə "Bloomberg News" agentliyi məlumat yayıb.

Qərar Fars körfəzi və Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft tədarükündə mümkün fasilələrdən qaynaqlanan risklər fonunda qəbul olunub və Pekinin enerji təhlükəsizliyini gücləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Agentliyin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, ölkədə benzin və dizel ehtiyatlarının kifayət qədər yüksək olmasına, eləcə də daxili yanacaq tələbatının zəifləməsinə baxmayaraq, ən azı iki iri NEZ-ə emal həcmlərini mövcud səviyyədə saxlamaq və ya artırmaq tapşırılıb.

Çin münaqişənin ilk mərhələsində daxili bazarda yanacaq ehtiyatlarını qorumaq məqsədilə benzin, dizel və aviasiya kerosininin ixracına məhdudiyyətlər tətbiq etmişdi. Daha sonra həmin məhdudiyyətlər qismən yumşaldıldı və bu ayın əvvəlində əlavə ixrac kvotaları ayrıldı. Lakin hərbi əməliyyatların yenidən intensivləşməsi və Vaşinqtonun İran neftinin satışına verdiyi icazəni geri götürməsi enerji təchizatı ilə bağlı narahatlıqları yenidən artırıb.

"Bloomberg" bildirir ki, Pekin iyul ayı üçün müəyyən edilmiş ixrac kvotalarını yenidən nəzərdən keçirməyi planlaşdırmır. Bu isə hökumətin ixrac siyasətini dəyişmədən daxili bazarda kifayət qədər yanacaq ehtiyatı formalaşdırmağa üstünlük verdiyini göstərir.

Analitiklərin fikrincə, qərar Asiya yanacaq bazarına da təsir göstərə bilər. NEZ-lərin daha yüksək yüklənmə ilə işləməsi regionda onsuz da aşağı səviyyədə olan neft emalı marjalarına əlavə təzyiq yarada bilər. Məlumata görə, Asiyada benzin qiymətləri ilə Dubai markalı neft arasındakı qiymət fərqi (spred) artıq mart ayının sonundan bəri ən aşağı səviyyəyə enib.

Dünyanın ən böyük neft idxalçısı olan Çin Hörmüz boğazında yaranan geosiyasi riskləri yaxından izləyir. Son qərarlar göstərir ki, Pekin daxili yanacaq istehlakının zəif qalmasına baxmayaraq, uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək və mümkün tədarük risklərinə qarşı hazırlığını gücləndirmək niyyətindədir.

MONETAR.AZ