Rusiyada benzin istehsalı Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar və bir sıra iri neft emalı zavodlarının (NEZ) fəaliyyətinin dayanması nəticəsində əhəmiyyətli dərəcədə azalıb. “Reuters” agentliyinin sahə mənbələrinə istinadən yaydığı məlumata görə, hazırda ölkədə benzin istehsalı mövsümi tələbatın təxminən 65%-ni qarşılayır.
Məlumata əsasən, enerji infrastrukturuna yönəlmiş hücumlar nəticəsində Rusiyanın ən böyük benzin istehsalçıları sırasında yer alan “NORSI”, “Omsk” və “Saratov” neft emalı zavodlarının fəaliyyəti müxtəlif müddətlərdə dayandırılıb. Bu isə daxili bazarda yanacaq çatışmazlığını dərinləşdirərək bəzi yanacaqdoldurma məntəqələrində növbələrin yaranmasına səbəb olub.
Yay mövsümündə tələbatın pik həddə çatdığı dövrdə gündəlik benzin istehsalı çatışmazlığının 40–45 min ton səviyyəsinə yüksəldiyi bildirilir. Bu, daxili tələbatın təxminən 35%-nin istehsal hesabına təmin olunmadığını göstərir. Müqayisə üçün, iyun ayında bu göstərici təxminən 25% təşkil edirdi. Hazırda Rusiyada gündəlik benzin istehlakı 115–120 min ton həcmində qiymətləndirilir.
Yanacaq bazarında yaranmış gərginliyi azaltmaq məqsədilə Rusiya hökuməti benzin, dizel yanacağı və aviasiya kerosininin ixracına məhdudiyyətlər tətbiq edib. Bununla yanaşı, daxili tələbatın ödənilməsi üçün idxal həcmləri də artırılıb.
Mənbələrin məlumatına görə, Belarusdan benzin və dizel yanacağının tədarükü iyun ayında rekord səviyyəyə yüksələrək sutkada 6 min tona çatıb. Bundan əlavə, Hindistandan da dəniz yolu ilə yanacaq idxalı həyata keçirilir. Mövcud ehtiyatlardan istifadə də bazardakı qıtlığın qismən kompensasiya edilməsinə imkan verir.
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak vəziyyətin mürəkkəb olduğunu etiraf edərək, yaranmış vəziyyətin əhali arasında narahatlıq doğurduğunu bildirib.
Sahə ekspertləri hesab edirlər ki, yeni hücumlar baş verməzsə, neft emalı zavodlarının mərhələli şəkildə fəaliyyətini bərpa etməsi və idxalın artması hesabına iyulun ikinci yarısında daxili yanacaq bazarında vəziyyətin nisbətən sabitləşməsi mümkündür.
MONETAR.AZ