Bakının bəzi küçə və prospektlərində aparılan təmir işləri ilə əlaqədar 10–12 iyul tarixlərində paytaxtda fəaliyyət göstərən 6 müntəzəm avtobus marşrutunun hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, məhdudiyyətlər Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsinədək aparılan yol-təmir işləri ilə əlaqədardır.
Bununla əlaqədar olaraq, 10–12 iyul tarixlərində 61 və 88A nömrəli müntəzəm avtobus marşrutları Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri istiqamətində hərəkət edəcək.
Eyni zamanda, 10, 14 və 18 nömrəli avtobus marşrutlarının hərəkəti Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri vasitəsilə təşkil olunacaq.
Bundan əlavə, 11–12 iyul tarixlərində Sənan Abdullayev küçəsində (Baksol yolu), Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək olan hissədə aparılacaq təmir işləri səbəbindən 71 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi də müvəqqəti dəyişdiriləcək.
Həmin günlərdə marşrut "Azadlıq prospekti" metro stansiyasından başlayaraq Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək fəaliyyət göstərəcək.
AYNA sürücülərə və sərnişinlərə hərəkətlərini əvvəlcədən planlaşdırmağı, müvəqqəti marşrut dəyişikliklərini nəzərə almağı tövsiyə edir.