Süni intellekt infrastrukturu uğrunda qlobal rəqabət texnologiya nəhənglərinin maliyyə strategiyalarını əhəmiyyətli dərəcədə dəyişib. "Bloomberg" agentliyinin məlumatına görə, ABŞ-da məlumat mərkəzlərinə (data-center) ən çox sərmayə yatıran beş aparıcı texnologiya şirkəti son beş ildə borc öhdəliklərini birlikdə təxminən 350 milyard ABŞ dollarına çatdıraraq iki dəfədən çox artırıblar.
Söhbət "Alphabet", "Amazon", "Meta Platforms", "Microsoft" və "Oracle" şirkətlərindən gedir. Bu korporasiyalar süni intellekt xidmətlərinin gələcəkdə böyük gəlir mənbəyinə çevriləcəyinə hesablanmış uzunmüddətli investisiya strategiyası çərçivəsində iri həcmli kapital qoyuluşlarını əsasən borc vəsaitləri hesabına maliyyələşdirirlər.
Bununla belə, bazar iştirakçılarının bu strategiyaya münasibətində ehtiyatlı yanaşmanın gücləndiyi müşahidə olunur. Belə ki, "Amazon"un bu həftə həyata keçirdiyi 25 milyard dollarlıq istiqraz emissiyası investorlar tərəfindən əvvəlki yerləşdirmələrlə müqayisədə daha zəif tələblə qarşılanıb. Bu isə süni intellekt layihələrinin maliyyələşdirilməsi üçün kapital bazarlarının imkanlarının məhdud olmadığını göstərən siqnal kimi qiymətləndirilir.
Hazırda sözügedən şirkətlərin borca xidmət xərcləri idarəolunan səviyyədə qalır. Beş şirkətin ötən il üzrə ümumi faiz xərcləri 10 milyard ABŞ dollarını keçsə də, bu göstərici onların sərbəst pul axınları ilə müqayisədə hələ də aşağı hesab olunur. Məsələn, "Alphabet"in kapital xərcləri çıxıldıqdan sonra əməliyyat pul axını ilin birinci rübünün sonunda 64 milyard ABŞ dolları təşkil edib.
Lakin bütün şirkətlər üçün vəziyyət eyni deyil. "Amazon"un sərbəst pul axını ilin ilk rübündə mənfi zonaya keçib. "Oracle" isə daha yüksək maliyyə təzyiqi ilə üzləşib. Şirkətin borc yükünün satış gəlirlərini təxminən 2,5 dəfə üstələməsi və süni intellekt infrastrukturu üzrə xərclərin sürətlə artması fonunda "S&P Global Ratings" onun kredit reytinqini investisiya səviyyəsinin ən aşağı pilləsinə endirib.
DA Davidson şirkətinin analitiki Gil Luriya bildirib ki, süni intellekt bazarında biznes modeli sürətlə dəyişdiyindən şirkətlərin pul axınları ciddi təzyiq altındadır.
Onun sözlərinə görə, texnologiya şirkətləri bu investisiyaların gələcəkdə yüksək gəlirlilik təmin edəcəyini hesab etsələr də, investorlar artıq bu proqnozlara daha ehtiyatla yanaşırlar.
"Amazon"un baş icraçı direktoru Endi Cessi AWS bulud platformasına artan korporativ tələbi əsas gətirərək süni intellekt investisiyalarının monetizasiyasına əmin olduğunu bildirib. "Meta*nın rəhbəri Mark Zukerberq isə hesablama güclərinə olan tələbin hələ də mövcud təklifi üstələdiyini qeyd edib.
Buna baxmayaraq, səhmdarlar hiperskeyler (hyperscaler) şirkətlərinin rekord həcmdə kapital qoyuluşlarının nə vaxt gəlir gətirəcəyini daha diqqətlə qiymətləndirirlər. Cari ildə yalnız "Alphabet"in səhmləri S&P 500 indeksindən daha yaxşı nəticə göstərib, "Microsoft" və "Oracle"ın səhmləri isə 20%-dən çox dəyər itirib.
Məlumata görə, dünyanın ən iri hiperskeyler şirkətləri 2026-cı ildə əsasən məlumat mərkəzlərinin qurulması və "Nvidia" istehsalı olan süni intellekt çiplərinin alınmasına 725 milyard ABŞ dollarınadək vəsait yönəltməyi planlaşdırırlar.
"Fitch Ratings" agentliyinin analitiki Ceyson Pompei bildirib ki, hazırda bu investisiyaların tam iqtisadi səmərəsinin əldə olunacağına dair qəti nəticə çıxarmaq mümkün deyil.
Onun fikrincə, bazarda süni intellektə olan gələcək tələbatla bağlı gözləntilər hələ də yüksək optimizm üzərində qurulub və bu sahədə formalaşan ajiotajın real gəlirlərə nə dərəcədə çevriləcəyi zamanla müəyyənləşəcək.
Analitiklər qeyd edirlər ki, borc yükünün artması texnologiya şirkətlərinin gələcək iqtisadi böhranlar və texnoloji transformasiyalar qarşısında maliyyə dayanıqlığını zəiflədə bilər. Bu baxımdan "Intel" nümunəsi diqqət çəkir. Şirkət əvvəlki illərdə borclanmanı artırmasına baxmayaraq, rəqabətqabiliyyətli süni intellekt çipləri istehsal edə bilməyib və bazarda liderliyi "Nvidia"ya uduzub. Nəticədə gəlirlərin azalması və zərərlərin artması fonunda şirkət yalnız dövlət dəstəyi və strateji investisiyalar hesabına fəaliyyətini sabitləşdirə bilib.
Bununla belə, bazar ekspertləri hesab edirlər ki, hazırkı mərhələdə "Alphabet", "Amazon", "Microsoft" və "Meta" kimi hiperskeyler şirkətlərin maliyyə vəziyyəti hələ də kifayət qədər dayanıqlıdır və mövcud borclanma səviyyəsi onların balansları üçün kritik hədd hesab edilmir.