ABŞ-da yanacağın qiyməti İrana zərbələr fonunda bahalaşıb

ABŞ-da yanacağın qiyməti

ABŞ-da benzin və dizel yanacağının qiyməti Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda yüksəlib. MONETAR.AZ xəbər verir ki, ABŞ Milli Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, bir qallon (3,79 litr) Regular markalı benzinin orta qiyməti 5 sent artaraq 3,84 dollara çatıb.

Məlumata görə, iyulun 8-də benzinin orta qiyməti 3,79 dollar təşkil edib. Dizel yanacağının qiyməti də artaraq bir qallon üçün 4,77 dollardan 4,81 dollara yüksəlib.

ABŞ-da ən bahalı yanacaq Kaliforniya ştatında qeydə alınıb. Burada benzinin bir qallonu orta hesabla 5,38 dollara satılır. Ölkə üzrə benzinin rekord orta qiyməti isə 2022-ci ilin iyununda qeydə alınıb və bir qallon üçün 5 dolları keçib.

Yanacağın bahalaşması ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və bölgədə artan gərginlik fonunda baş verib. Məlumata görə, fevralın 28-də başlayan qarşıdurmalardan sonra tərəflər arasında atəşkəs razılaşması əldə olunsa da, son günlər vəziyyət yenidən kəskinləşib.

ABŞ prezidenti Donald Tramp atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bildirib və İranı razılaşmaları pozmaqda ittiham edib. ABŞ Silahlı Qüvvələrinin İrana qarşı yeni zərbələrindən sonra İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazının Tehranın şərtləri yerinə yetirilmədən açılmayacağını açıqlayıb.

Ekspertlərin fikrincə, Hörmüz boğazı ətrafında yaranan risklər enerji bazarlarına təsir göstərərək neft və yanacaq qiymətlərində əlavə artımlara səbəb ola bilər.