Qlobal neft tələbatı 2020-ci ildən bəri ilk dəfə azalmağa hazırlaşır

Qlobal neft tələbatı 2020-ci ildən bəri ilk dəfə

2026-cı ildə qlobal neft tələbatının 2020-ci ildən bəri ilk dəfə illik ifadədə azalacağı gözlənilir. Beynəlxalq Energetika Agentliyi (BEO) bildirir ki, Yaxın Şərqdə davam edən münaqişənin hasilat və ixrac zəncirlərinə təsiri nəticəsində dünya üzrə neftə tələbatın sutkada təxminən 1 milyon barrel azalacağı proqnozlaşdırılır. Bu barədə CNBC telekanalı BEO-nun hesabatına istinadən məlumat yayıb. Sonuncu dəfə belə geriləmə COVID-19 pandemiyasının pik dövründə qeydə alınmışdı.

Hesabatda vurğulanır ki, tələbatdakı azalma məhsul növləri və regionlar üzrə qeyri-bərabər xarakter daşıyır. Xüsusilə, Hörmüz boğazında yaranmış gərginlik Fars körfəzi vasitəsilə həyata keçirilən neft ixracına ciddi təsir göstərib. Agentliyin hazırkı proqnozu atəşkəsin əldə olunacağı və boğazdan daşımaların mərhələli şəkildə bərpa ediləcəyi ehtimalına əsaslansa da, ABŞ və İran arasında davam edən qarşıdurma bu ssenarinin reallaşması ilə bağlı qeyri-müəyyənliyi artırır. Son hücumlardan sonra boğaz vasitəsilə gəmi hərəkəti yenidən kəskin şəkildə zəifləyib.

BEO qeyd edir ki, ilin sonuna doğru qlobal neft bazarında yenidən profisitin (izafi təklifin) formalaşması mümkündür. Lakin bu, əsasən Hörmüz boğazı üzərindən daşımaların bərpasından asılı olacaq.

“İlin sonuna qədər bazar balansının yenidən profisitə qayıdacağı gözlənilsə də, bu proqnoz tankerlərin boğaz vasitəsilə hərəkətinin mərhələli şəkildə bərpasına əsaslanır. Körfəzdə hərbi əməliyyatların yenidən intensivləşməsi mövcud riskləri artırır. Neft bazarının sabitləşməsi üçün davamlı sülh əsas şərtdir”, – deyə Agentlik bildirib.

BEO-nun Neft Bazarları şöbəsinin rəhbəri Toril Bosoni CNBC-yə açıqlamasında bildirib ki, bazarın normallaşması prosesi nə sürətli, nə də xətti olacaq.

Onun sözlərinə görə, qarşıdakı dövrdə bazarda yüksək qeyri-müəyyənlik və volatillik davam edəcək. Bununla belə, digər hasilatçı ölkələrin istehsalı artırması və qlobal tələbatın zəifləməsi fonunda ilin sonuna qədər bazarda yenidən izafi təklifin yaranması mümkündür.

Bu arada, qarşılıqlı hava zərbələrinin davam etməsinə baxmayaraq, ABŞ İranla texniki səviyyədə danışıqlara hazır olduğunu bəyan edib. ABŞ Prezidenti Donald Tramp İranın kommersiya gəmilərinə hücumlarını terror aktı kimi qiymətləndirib. Bundan əvvəl isə o, Ankarada keçirilən NATO sammitində müvəqqəti atəşkəsin qüvvədən düşdüyünü açıqlamışdı.

MONETAR.AZ