Google şirkəti avqustun 12-də keçiriləcək təqdimat tədbirində "Pixel 11" smartfonları ilə yanaşı, yeni "Pixel Watch 5" ağıllı saatlarını da təqdim etməyə hazırlaşır. Son sızdırılan məlumatlara görə, yeni saat seriyası əvvəlki nəsillə müqayisədə daha yüksək qiymətlə satışa çıxarılacaq.
Dealabs platformasının yaydığı məlumata əsasən, "Pixel Watch 5" əvvəlki nəsildə olduğu kimi 41 mm və 45 mm ölçülərində təqdim ediləcək. Bununla belə, qiymət artımı bütün bazarlarda eyni olmayacaq.
Avropa bazarında 41 mm ölçülü modelin qiyməti 20 avro artırılacaq. Beləliklə, LTE dəstəyi olmayan baza versiyası 419 avroya, LTE dəstəyi olan model isə 519 avroya satılacaq. Əvəzində 45 mm ölçülü modellərin qiymətləri həm Avropada, həm də Böyük Britaniyada dəyişməz qalacaq.
ABŞ bazarında isə fərqli yanaşma seçilib. Burada məhz 45 mm ölçülü modellər bahalaşacaq. Hər iki versiyanın qiyməti 30 dollar artırılacaq. Nəticədə LTE dəstəyi olmayan model 429 dollar, LTE dəstəkli variant isə 529 dollar qiymət etiketi ilə satışa çıxarılacaq.
Yeni nəsil ağıllı saatlarda dizayn yenilikləri də nəzərdə tutulur. Belə ki, korpus üçün yeni qızılı rəng seçimi təqdim ediləcək. 41 mm model dörd, 45 mm model isə üç fərqli rəng variantında alıcılara təklif olunacaq.
Məlumata görə, "Google Pixel Watch 5" ağıllı saatlarının rəsmi satışına 20 avqust tarixində başlanılması planlaşdırılır.
MONETAR.AZ