Rusiyada benzin satışları birja tarixində minimum həddə düşüb

Rusiyada benzin satışları birja tarixində

Rusiyanın Sankt-Peterburq Beynəlxalq Əmtəə-Xammal Birjasında benzin satışları kəskin azalıb. MONETAR.AZ xəbər verir ki, iyulun 8-də benzin satışlarının həcmi 8,1 min tona enib və bu göstərici tarixi minimum kimi qiymətləndirilir.

Məlumata görə, yanacaq satışlarındakı azalma hakimiyyətin birjada vasitəçilərin iştirakını məhdudlaşdırmağa və müstəqil neft emalı zavodlarını neft şirkətləri ilə birbaşa müqavilələrə keçirməyə yönəlmiş tədbirləri fonunda baş verib.

Sahə nümayəndələrinin sözlərinə görə, iyulun 1-dən 8-dək AI-92 və AI-95 markalı benzinlərin satışı ayın əvvəlindəki göstərici ilə müqayisədə təxminən iki dəfə azalıb.

Sektor iştirakçıları hesab edirlər ki, azalmaya yalnız yeni qaydalar deyil, həm də neft emalı zavodlarında yaranan vəziyyət təsir edib. Birja vasitəsilə yanacaq tədarük edən ən azı doqquz Rusiya neft emalı zavodu planlaşdırılmamış təmirə dayanıb.

Bazar iştirakçıları bildirirlər ki, birbaşa tədarük sisteminə keçid müstəqil yanacaqdoldurma məntəqələri üçün müsbət nəticə verə bilər. Lakin bunun üçün yanacağın qiymətləri şirkətlərin mənfəət marjasını qoruyacaq səviyyədə qalmalıdır.