“Standard Chartered” bankı hesab edir ki, “Strategy” şirkətinin Bitcoin (BTC) aktivlərinin idarə olunması strategiyası ətrafında yaranan qeyri-müəyyənlik kriptovalyuta bazarında qısamüddətli təzyiq yaratsa da, bu amil Bitcoinin uzunmüddətli perspektivini dəyişmir. Bank 2026-cı ilin sonu üçün Bitcoin üzrə 100 min ABŞ dolları qiymət proqnozunu qüvvədə saxlayıb.
Bankın analitiki Ceff Kendrik qeyd edib ki, əvvəllər “MicroStrategy” adı ilə tanınan “Strategy” hazırda 843 775 BTC portfeli ilə dünyanın ən böyük korporativ Bitcoin sahibidir. Bu həcm Bitcoinin maksimum 21 milyon sikkəlik emissiyasının 4%-dən çoxunu təşkil edir.
Analitikin fikrincə, şirkət əvvəlki "Bitcoin heç vaxt satılmayacaq" yanaşmasından uzaqlaşaraq daha çevik maliyyə strategiyasına keçid edir.
Bu dəyişiklik, əsasən, şirkətin mNAV (market Net Asset Value) göstəricisinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir. Həmin göstərici şirkətin bazar kapitallaşmasının sahib olduğu Bitcoin aktivlərinin bazar dəyərinə nisbətini əks etdirir. Əgər 2020–2025-ci illərdə bu əmsal yüksək səviyyədə idisə, hazırda təxminən 1,0 səviyyəsinə enib.
“Standard Chartered” bildirir ki, bu şəraitdə yeni səhmlərin emissiyası hesabına əlavə Bitcoin alınmasına əsaslanan əvvəlki maliyyələşdirmə modeli əvvəlki qədər səmərəli deyil.
Bankın qiymətləndirməsinə görə, “Strategy” indi diqqətini Bitkoin aktivlərindən STRC imtiyazlı səhmlərinin təminatı kimi istifadə edilməsinə yönəldir. Bu alət faktiki olaraq borc maliyyələşdirməsi funksiyasını yerinə yetirir və şirkətə əlavə kapital cəlb etməyə imkan verir.
Kendrik hesab edir ki, dövriyyədə təxminən 10 milyard ABŞ dolları həcmində olan STRC aləti yüksək təminat səviyyəsinə malikdir və hazırda təxminən 90 ABŞ dolları səviyyəsində ticarət olunan qiymətinin yenidən 100 ABŞ dollarına yaxınlaşması mümkündür.
Analitik vurğulayır ki, əsas məsələ şirkətin yeni strategiyasını investorlara düzgün izah etməsidir. Onun sözlərinə görə, bazar iştirakçıları “Strategy”nin yaxın perspektivdə böyük həcmdə Bitcoin satışı həyata keçirməyəcəyinə əmin olsalar, mövcud narahatlıqlar azalacaq və şirkətin faktiki olaraq BTC satışına ehtiyacı qalmayacaq.
Bu səbəbdən “Standard Chartered” Bitcoinin son qiymət enişini bazarın fundamental vəziyyətində dəyişiklik kimi deyil, qısamüddətli informasiya təsiri və bazar səs-küyü kimi qiymətləndirir.
Bank hesab edir ki, “Strategy” tərəfindən daha aydın korporativ kommunikasiya həyata keçiriləcəyi təqdirdə bazardakı qeyri-müəyyənlik azalacaq və Bitcoinin uzunmüddətli yüksəliş potensialı qorunub saxlanacaq. Bu yanaşmanı əsas götürən “Standard Chartered” ilin sonu üzrə 100 min ABŞ dolları qiymət hədəfini dəyişmədən qüvvədə saxlayır.
MONETAR.AZ