Qızılın qiyməti ilin sonuna qədər 5400 dollara çata bilər

Qızılın qiyməti ilin sonuna qədər

Analitiklər qızıl bazarı ilə bağlı orta müddətli proqnozlarını müsbət qiymətləndirirlər. Onların fikrincə, qiymətli metalın bir unsiyasının qiyməti 2026-cı ilin sonuna qədər 5200-5400 dollar səviyyəsinə yüksələ bilər. MONETAR.AZ xəbər verir ki, bu barədə analitiklərin hesabatında bildirilib.

Məlumata görə, son həftələrdə qızıl qiymətlərində artım müşahidə olunsa da, Yaxın Şərqdə artan gərginlik qiymətli metalla bağlı satışları sürətləndirib. Bununla yanaşı, dünya mərkəzi banklarının qızıl alışları bazara dəstək verir.

Belə ki, iyun ayında Çin Xalq Bankı 480 min unsiya qızıl alıb. Bu, 2023-cü ilin oktyabrından bəri ən yüksək aylıq alış həcmi olub. Mütəxəssislərin fikrincə, mərkəzi bankların tələbi və spekulyativ alışlar qızıl ETF-lərindən çıxan vəsaitləri kompensasiya edir.

Qısa müddətdə analitiklər qızılın qiymətində müəyyən geriləmə gözləyirlər. Onların proqnozuna əsasən, qiymət bir unsiya üçün 3800 dollar ətrafına düşə bilər. Buna ABŞ dollarının möhkəmlənməsi və geosiyasi risklərin təsir göstərə biləcəyi qeyd olunur.

Orta müddətli perspektivdə isə qızıla müsbət baxış qorunur və ilin sonuna qədər qiymətin 5200-5400 dollar aralığına yüksələcəyi gözlənilir.

Analitiklər gümüş bazarında da ehtiyatlı mövqedədirlər. Onların fikrincə, geosiyasi risklər və Çində sənaye fəallığının zəifləməsi gümüşə olan tələbi azalda bilər. Qısa müddətdə qiymətin bir unsiya üçün 54 dollara qədər geriləməsi mümkündür.

Bununla belə, orta müddətli dövrdə gümüşün yenidən bahalaşacağı və ilin sonuna qədər 100-110 dollar səviyyəsinə yüksələ biləcəyi proqnozlaşdırılır.

Platin və palladium kimi platin qrupu metalları isə iyunun sonu və iyulun əvvəlində 10 aylıq minimumlardan sonra müəyyən bərpa göstərib. Lakin ABŞ-İran gərginliyi və dolların möhkəmlənməsi bu bazarda təzyiq yaradıb.

Analitiklər qısa müddətdə platin və palladium üçün mənfi dinamika gözləsələr də, orta müddətli perspektivdə vəziyyətin yaxşılaşacağını düşünürlər. Onların proqnozuna əsasən, 2026-cı ilin sonunda platin üçün hədəf qiymət 2280 dollar, palladium üçün isə 1570 dollar təşkil edir.