Yaxın Şərqdə davam edən hərbi qarşıdurma qlobal enerji bazarlarında ciddi təlatümlərə səbəb olub. Təchizat zəncirində yaranan fasilələr neft və neft məhsullarının qiymətlərini kəskin yüksəldərək iri energetika şirkətlərinin gəlirlərini əhəmiyyətli dərəcədə artırır. Reuters agentliyinin yazdığına görə, mövcud şərait ABŞ-ın aparıcı neft şirkətləri üçün son illərin ən yüksək rüblük mənfəət göstəricilərinin formalaşmasına zəmin yaradır.
Çərşənbə günü ABŞ Silahlı Qüvvələrinin İrana qarşı yeni zərbələr endirməsi bölgədə vəziyyəti daha da gərginləşdirib. Bu addım ABŞ Prezidenti Donald Trampın İranla əldə olunmuş müvəqqəti barışığın başa çatdığını bəyan etməsindən sonra atılıb. Nəticədə İran Küveyt və Bəhreyn istiqamətində cavab tədbirlərinə başlayıb.
Baş verən hadisələr enerji bazarında yaranmış şokun hələ uzun müddət davam edə biləcəyini göstərir. Ötən həftə müharibədən əvvəlki səviyyənin təxminən üçdə birinədək bərpa olunan dəniz daşımaları, İranın gəmilərə qarşı son hücumlarından sonra yenidən demək olar ki, tam dayanıb.
Həftə ərzində benzin və dizel bazarlarında qiymətlər kəskin yüksəlib. İnvestorlar qiymətlərə həm Yaxın Şərqdə genişlənən hərbi qarşıdurmanın yaratdığı riskləri, həm də Rusiyanın neft emalı zavodları və digər enerji infrastrukturlarına endirilən zərbələr nəticəsində yaranan təchizat problemlərini daxil edirlər.
Analitiklərin qiymətləndirmələrinə görə, qlobal neft şirkətləri və regional neft emalı müəssisələri mövcud bazar şəraitindən ən çox faydalanan tərəflər olacaq. LSEG-in hesablamalarına əsasən, STOXX Europe 600 indeksində energetika sektoru ikinci rübdə mənfəət artımına görə bütün digər sahələri geridə qoyub. Münaqişənin uzanması fonunda bu proqnozlar daha da yaxşılaşıb. Eyni zamanda, indeksə daxil olan digər sektorlar üzrə mənfəət artımı proqnozu müharibənin başlanmasından bəri təxminən 6% səviyyəsində dəyişməz qalıb.
ABŞ-ın iri neft şirkətlərinin də son illərin ən uğurlu rüblük maliyyə nəticələrini açıqlayacağı gözlənilir. Proqnozlara görə, Exxon Mobil və Chevron cari rübdə əvvəlki rüblə müqayisədə üç dəfədən çox yüksək mənfəət göstəricisi təqdim edə bilərlər.
Enerji sektorunda formalaşan yüksək gəlirlilik ABŞ-da siyasi müzakirələri də gücləndirə bilər. Neft şirkətlərinin rekord mənfəət əldə etməsi, benzin qiymətlərinin yüksək qalması fonunda istehlakçıların narazılığını artırır. Bu isə noyabr ayında keçiriləcək aralıq seçkilər öncəsi Demokratlar Partiyasının qiymətlərin aşağı salınması və istehlakçıların müdafiəsi ilə bağlı çağırışlarını daha da aktuallaşdıra bilər. Bunun nəticəsində Prezident Donald Tramp administrasiyası ilə neft sənayesi arasında mövcud münasibətlərin yeni siyasi müstəviyə keçməsi ehtimalı da artır.
MONETAR.AZ