"Walt Disney" reklamla maliyyələşən pulsuz video platformaları ilə rəqabət qabiliyyətini artırmaq və striminq xidmətinin auditoriyasını genişləndirmək məqsədilə "Disney+" platformasının pulsuz paketinin istifadəyə verilməsi imkanlarını qiymətləndirir. Bu barədə "Business Insider" məlumat yayıb.
Xəbərin ardından "Disney" səhmləri premarket ticarətində demək olar ki, dəyişməz qalıb.
Nəşrin məlumatına görə, şirkət rəhbərliyi "Disney+" üçün reklamla dəstəklənən tamamilə pulsuz xidmət modelini daxili müzakirə edir. Lakin layihə hələ araşdırma mərhələsindədir və onun tətbiq ediləcəyi bazarlar, miqyası və vaxtı ilə bağlı yekun qərar qəbul olunmayıb.
Bu təşəbbüs izləyicilərin getdikcə "YouTube", "Tubi" və "The Roku Channel" kimi reklam dəstəkli pulsuz platformalara üstünlük verdiyi dövrdə gündəmə gəlib.
Məlumata görə, media sənayesində reklam gəlirlərini artırmaq və yeni istifadəçilər cəlb etmək istiqamətində strategiyalar dəyişir. "Nielsen" agentliyinin statistikası göstərir ki, ABŞ-da pulsuz reklam dəstəkli striminq platformalarının televiziya baxışındakı payı 2026-cı ilin aprel ayında 18,7%-ə yüksəlib. Müqayisə üçün, bu göstərici iki il əvvəl 12,7% təşkil edirdi.
Hazırda "Disney+" bir sıra ölkələrdə reklamlı ödənişli abunə paketləri təklif etsə də, tamamilə pulsuz xidmət modelinə keçid şirkətin striminq strategiyasında mühüm dönüş nöqtəsi hesab oluna bilər.
Bu arada, "Tubi" və "Pluto TV" kimi platformalar reklam əsaslı pulsuz model hesabına geniş auditoriya formalaşdırıb, "YouTube" isə televiziya baxışları bazarında payını artırmaqda davam edir.
Hesabatda qeyd olunur ki, "Disney"in baş icraçı direktoru Coş D’Amaro istifadəçi fəallığını artırmaq məqsədilə qısa şaquli videolar, mikrodramalar və podkastlar kimi yeni məzmun formatlarının da platformaya inteqrasiyasını qiymətləndirir. Bununla belə, şirkət hələlik bu təşəbbüslərlə bağlı yekun qərar qəbul etməyib və bütün müzakirələr ilkin mərhələdə davam edir.
MONETAR.AZ