Azərbaycanda biznes mühitinin liberallaşdırılması, iqtisadi cinayətlərə görə maliyyə sanksiyalarının yüngülləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizə məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Milli Məclisin bugünkü iclasında Cinayət Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Yeni dəyişikliklər iqtisadi xarakterli cinayətlərə görə cinayət məsuliyyətindən azad edilmə şərtlərini yumşaldır, eyni zamanda "yalançı sahibkarlıq" anlayışının tətbiq dairəsini genişləndirir.
Qəbul olunan dəyişikliklərə əsasən, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq və rəqabəti məhdudlaşdırma kimi iqtisadi cinayətləri törətmiş şəxslər vurduqları ziyanı tam ödədikdə və ya əldə etdikləri qanunsuz gəliri tam həcmdə dövlət büdcəsinə qaytardıqda cinayət məsuliyyətindən azad oluna biləcəklər. Əvvəlki qaydalara görə isə həmin şəxslər ziyanın və ya qanunsuz gəlirin tam məbləğindən əlavə, onun 100 faizi həcmində də büdcəyə ödəniş etməli idilər. Yeni qanunla bu əlavə ödəniş 50 faizə endirilib.
Dəyişikliklər Cinayət Məcəlləsinin 193-cü maddəsində ("Yalançı sahibkarlıq") da yeni tələblər müəyyənləşdirir. Bundan sonra faktiki sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan, qanunsuz kredit almaq, vergi və digər ödənişlərdən yayınmaq, əmlak mənfəəti əldə etmək və ya qanunsuz fəaliyyəti gizlətmək məqsədilə fərdi sahibkar kimi vergi uçotuna duran şəxslər də yalançı sahibkarlıq əməlinə görə məsuliyyət daşıyacaqlar.
Bundan əlavə, saxta məqsədlərlə yaradılmış hüquqi şəxslərin və ya vergi uçotunda olan fiziki şəxslərin fəaliyyətinin faktiki olaraq gizli şəkildə idarə edilməsi də yalançı sahibkarlıq kimi qiymətləndiriləcək. Qanunvericilikdə edilən bu dəyişikliklərin vergi intizamının gücləndirilməsinə, iqtisadi fəaliyyətin şəffaflığının artırılmasına və saxta sahibkarlıq sxemlərindən istifadənin qarşısının alınmasına xidmət etdiyi bildirilir.