İraq–Ceyhan neft kəməri üzrə yeni saziş yekunlaşmaq üzrədir

İraq–Ceyhan neft kəməri üzrə yeni saziş

Türkiyə ilə İraq arasında İraq–Ceyhan neft kəməri üzrə qarşıdakı 12 ayı əhatə edəcək yeni sazişin hazırlanması son mərhələyə çatıb. MONETAR.AZ xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

Nazirin sözlərinə görə, İraqdan Ceyhan limanına neft nəqli davam etdiriləcək.

"Yaxın günlərdə sazişi imzalamağı və ictimaiyyətə təqdim etməyi planlaşdırırıq", – deyə Bayraktar bildirib.

Məlumata görə, Alparslan Bayraktar rəsmi səfər çərçivəsində Bağdadda İraqın neft naziri Basim Məhəmməd Hüdeyir ilə görüş keçirib. Tərəflər İraq–Türkiyə xam neft boru kəməri, eləcə də neft və təbii qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Bayraktar bildirib ki, mövcud enerji infrastrukturundan daha səmərəli istifadə və yeni bağlantıların yaradılması hər iki ölkənin ortaq enerji strategiyasının əsas istiqamətlərindəndir. Onun sözlərinə görə, "İnkişaf Yolu" layihəsinin təkcə ticarət və nəqliyyat dəhlizi deyil, həm də regional enerji marşrutuna çevrilməsi istiqamətində işlər davam etdirilir.

Nazir əlavə edib ki, İraqda yeni formalaşan hökumətlə sıx əməkdaşlıq iki ölkə arasında enerji sahəsində tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək.