Avropadakı isti hava Türkiyədən kondisioner ixracını 3 dəfə artıra bilər

Avropadakı isti hava Türkiyədən kondisioner ixracını

Avropada təsirini gücləndirən isti hava dalğaları Türkiyədən kondisioner ixracına tələbi artırıb. MONETAR.AZ xəbər verir ki, bunu Türkiyə Ağ Əşya Pərakəndəçiləri Assosiasiyasının (BEYPER) sədri Emre Abdik bildirib.

Onun sözlərinə görə, mövcud hava şəraiti davam edərsə, Avropadan gələn sifarişlərin həcmi üç dəfəyədək arta bilər.

Emre Abdik qeyd edib ki, Fransa və Almaniyada kondisionerlərdən istifadə səviyyəsi hələ də aşağıdır. Belə ki, Fransada hər 100 evdən yalnız 15-də, Almaniyada isə 9-da kondisioner quraşdırılıb. Bu isə isti hava dalğaları fonunda Avropa bazarında tələbin sürətlə yüksəlməsinə səbəb olur.

BEYPER sədri bildirib ki, cari ilin ilk beş ayında kondisioner satışları dəyər ifadəsində 20%, satış həcmi üzrə isə 30% artıb.

O, ixrac sifarişlərinin çoxalmasının istehsalçıların ehtiyatlarını xarici bazarlara yönəldə biləcəyini də vurğulayıb. Abdikin sözlərinə görə, bu vəziyyət daxili bazarda məhsul təklifinin azalmasına və nəticədə kondisionerlərin qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

Emre Abdik əlavə edib ki, ağ əşya sektorunun ümumi ixracı ilin ilk beş ayında təxminən 20% azalsa da, Avropaya kondisioner ixracındakı artım bu geriləməni qismən kompensasiya edə bilər. O hesab edir ki, daxili bazarda tələbin canlanması üçün istehlak kreditləri üzrə imkanların genişləndirilməsi və kondisionerlərə tətbiq olunan xüsusi istehlak vergisinin ləğvi sektora əlavə dəstək verə bilər.