"Volkswagen"in restrukturizasiya planı müqavimətlə üzləşib

"Volkswagen"in restrukturizasiya planı

"Volkswagen" şirkətinin baş icraçı direktoru (CEO) Oliver Blumenin hazırladığı genişmiqyaslı restrukturizasiya planı şirkətin müşahidə şurasında ciddi müqavimətlə qarşılaşıb. "Bloomberg" agentliyinin məlumatına görə, plan hələlik şuranın ilkin dəstəyini qazana bilməyib.

Məlumata əsasən, müşahidə şurasının 19 üzvündən 12-si əlavə iş yerlərinin ixtisarı, bəzi zavodların bağlanması, eləcə də "Audi" və "Porsche" brendlərinin daxil olduğu qrupdan əsas "Volkswagen" markasının mümkün ayrılmasını nəzərdə tutan təkliflərə qarşı çıxıb.

Bu vəziyyət restrukturizasiya prosesinin gələcəyini qeyri-müəyyən edir. Belə ki, Oliver Blumenin planı həyata keçirməsi üçün həm müşahidə şurasında 10 yerlə təmsil olunan əmək kollektivi nümayəndələrinin, həm də şirkətin ikinci ən böyük səhmdarı olan Almaniyanın Aşağı Saksoniya federal torpağının dəstəyinə ehtiyacı var.

Cümə axşamı keçirilən müşahidə şurasının iclasından sonra şirkət konkret restrukturizasiya addımları açıqlamayıb. Rəhbərlik yalnız məhsul portfelinin sadələşdirilməsi və daha gəlirli bazar seqmentlərinə fokuslanmağa dair ümumi strategiyasını təqdim edib.

"Jefferies" investisiya şirkətinin analitiki Filipp Uşuanın sözlərinə görə, zavodların bağlanması, beşillik investisiya proqramı və əlavə işçi ixtisarları ilə bağlı məsələlər üzrə hələlik "heç bir real irəliləyiş əlaməti" müşahidə olunmur.

Şirkət son dövrlər Çində mənfəətin azalması, "BYD" başda olmaqla yerli elektromobil istehsalçılarının rəqabətinin güclənməsi və ABŞ-ın tətbiq etdiyi tariflərin "Audi" və "Porsche" brendlərinə mənfi təsiri fonunda rentabelliyini artırmağa çalışır.

Bununla yanaşı, "Volkswagen" Almaniyadakı yüksək istehsal xərclərinin azaldılması istiqamətində də təzyiq altındadır. Analitiklərin hesablamalarına görə, əməkhaqqı, enerji və tənzimləyici tələblərə uyğunluq xərcləri səbəbindən Almaniyadakı zavodların istehsal xərcləri Portuqaliya və İspaniyadakı müəssisələrlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

İclasdan sonra həmkarlar ittifaqları rəhbərliyə qarşı tənqidləri daha da sərtləşdiriblər. İstehsalat şurasının sədri Daniela Kavallo Oliver Blume-ni restrukturizasiya planlarını əməkdaşlara şəxsən izah etməyə çağırıb. İşçi nümayəndələri isə layihədəki boşluq və ziddiyyətlərlə bağlı rəhbərliyə 80-dən çox sual ünvanladıqlarını bildiriblər.

Ekspertlərin fikrincə, genişmiqyaslı islahatlara qarşı müqavimət fonunda "Volkswagen" xərclərin azaldılması istiqamətində daha mərhələli yanaşmaya üstünlük verə bilər. Danışıqların isə ilin ikinci yarısında da davam edəcəyi gözlənilir.

MONETAR.AZ